Məhkəmə qərarları › İş №2(042)-108/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-108/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-108/2021 03.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 İsgdər qızına və Cavabdeh2 qarşı evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 İsgdər qızına və Cavabdeh2 qarşı övladları Allahveriyev Ömər Fuzuli oğlu və X1 ilə birlikdə cavabdehlərə məxsus Gədəbəy rayonunun İsalı kəndində yerləşən evə köçürülməsi və istifadə qaydasının müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh1 ilə xx xxxxxxx 2014-cü il tarixdə Gədəbəy rayon İsalı kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlanmışlar. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Allahverdiyev Ömər Fuzuli oğlu və xx.xx.2017-ci il tarixdə X1 doğulmuşlar. Cavabdehlə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)- 784/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə toyları olduqdan sonra cavabdehə məxsus fərdi yaşayış evinə köçmüşdür. Lakin ailə münasibətləri pozulduqdan sonra o, valideynlərinə məxsus evə gəlmişdir və azyaşlı uşaqları ilə birlikdə yaşamağa evi yoxdur. Hazırda valideynlərinin himayəsində yaşayır. Ona görə də məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə xx xxxxxxx 2014-cü il tarixdə Gədəbəy rayon İsalı kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlanmışlar. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Allahverdiyev Ömər Fuzuli oğlu və xx.xx.2017-ci il tarixdə X1 doğulmuşlar. Cavabdehlə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-784/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həmçinin iddiaçı ilə münasibətləri çox pisdir və iddiaçı onun evinə köçərsə, evlərində hər gün dava ola bilər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 İsgdər qızına və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun qızıdır. Onun Cavabdeh1lə ailə münasibətlərindən iki övladı doğulmuşlar. Hazırda iddiaçı onun evində yaşayır. O, qızının cavabdehin evində yaşamasını istəmir. Lakin iddiaçının azyaşlı uşaqlarının böyüdükdən sonra yaşamağa yeri olmayacaq. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-784/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxxxxx 2014-cü il tarixdə Gədəbəy rayon İsalı kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixdə Gədəbəy rayon İsalı kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlanmışlar. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Allahverdiyev Ömər Fuzuli oğlu və xx.xx.2017-ci il tarixdə X1 doğulmuşlar. İddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(042)-784/2020 saylı qətnaməsi ilə aralarında olan münasibətlərinə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçının cavabdehlərlə ailə münasibətlərinə xitam verildiyi üçün keçmiş ailə üzvü kimi, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının cavabdehlərə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edən zaman 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar