Məhkəmə qərarları › İş №2(042)-1128/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1128/2021

22.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1128/2021 22.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ilə müraciət edərək, onun azyaşlı uşaqları 29.10.2008-ci il doğum tarixli X5 və 29.07.2012-ci il doğum tarixli X4 ilə birlikdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan, 4 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə 19.12.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 29.10.2008-ci il doğum tarixli X5 və 29.07.2012-ci il doğum tarixli X4 adında iki övladları dünyaya gəlmişdir. Vəfadarla evləndikdən sonra, yəni 2007-ci ildə Vəfadarın atası Cavabdeh2 adına olan, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə keçmiş əri Cavabdeh1, qayınatası Cavabdeh2 və qayınanası Cavabdeh3 yaşamışdır. Hal-hazırda da onlar yaşayırlar. Övladları həmin evdə dünyaya gəlmişdir. Ev 4 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evidir. O, 2015-ci ildə cavabdehdən ayrılmışdır. Gədəbəy rayon Məhkəməsinin 28.04.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş və uşaqlar onun himayəsində qalmış, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. 2019-cu ildə o aliment tələbindən imtina etmişdir və icra sənədinə xitam verilmişdir. Aralarında olan nikah pozulsa da, o, həmin evdə yaşamağa davam etmişdir. 2021-ci ilin sentyabr ayının 30-a qədər həmin evdə uşaqları ilə birgə yaşamışdır. 2021-ci ilin sentyabr ayının 30-da cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onu uşaqları ilə birlikdə həmin evdən zorla çıxartmışdır. Hal-hazırda onun yaşamağa yeri yoxdur. Cavabdehlər isə ona həmin evdə yaşamağa imkan vermir. Hesab edir ki, onun həmin mübahisəli mənzildən istifadə etmək hüququ vardır. Ona görə də azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmək istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, İddiaçı onun gəlini olmuşdur. İddiaçı ilə onun oğlu Cavabdeh1 2007-ci ildə rəsmi nikaha bağlamaqla ailə qurmuşlar. İddiaçı hazırki mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra iddiaçı ilə oğlu ayrılmışdır. Lakin, iddiaçının həmin evə köçürülməsini istəmir. Belə ki, mübahisəli olan ev iddiaçı anadan olmamışdan qabaq inşa edilmişdir. Onlar orada ata mülkiyyəti kimi məskunlaşmışlar. Həmin ev ata mülkiyyəti olmaqla, əslində qardaşı X3 məxsusdur. Həmçinin Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən evə çıxarış verilməmişdir. Bir sözlə evin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Eləcə də, iddiaçı onları söyüb təhqir edir. Ona görə də, iddiaçı ilə bir evdə yaşamaqları mümkün deyildir. O, bu barədə məhkəməyə etiraz ərizələri də təqdim etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında onlara qarşı olan iddia tələbini etiraf etmədi və Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat verdil. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, 237 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Gədəbəy RİH başçısının Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyinin 01 nömrəli ev təsərrüfatlarının uçotu kitaba əsasən onun aşağıdakı ailə tərkibi özü Cavabdeh2, arvadı Cavabdeh3, oğlu X8, oğlu X9 və oğlu Cavabdeh1 ibarətdir. İşdə olan AZ-İİ № 249285 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29.10.2008-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İ № 962207 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29.07.2012-ci il tarixdə Tovuz rayonunda doğulmuş, atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(041)-61/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 19 dekabr 2007ci ildə Gədəbəy rayonu Qaraməmmədli kənd İnzibati Ərazi Vahidliyinin Qaraməmmədli kəndində bağlanmış 10 №-li nikah qeydinin ləğv edilməsi, 29.10.2008-ci ildə doğulmuş X5 və 29.07.2012- ci ildə doğulmuş X4 anaları İddiaçı yanında qalması, 28.04.2015-ci il tarixdən başlayaraq, iddiaçı, xx.xx.1985-ci ildə Gədəbəy rayonunun Qaraməmmədli kəndində doğulmuş və həmin yerdə qeydiyyatda olan Cavabdeh1 qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 29.10.2008-ci ildə doğulmuş X2 və 29.07.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyinin 2006- 2010-cu illərə dair 1 saylı təsərrüfatbaşına kitabın 87-ci şəxsi hesabında vətəndaş Cavabdeh2 adına təsərrüfat qeyd edilməklə ailə üzvləri kimi ailə başçısı Cavabdeh2, avadı Cavabdeh3, X8, X9 və Cavabdeh1 qeyd edilmişdir. Torpaq qrafasında 0.06 ha torpaq sahəsi və tikili qrafasında 1971-ci ildə inşa edilmiş ümumi sahəsi 180 kv.m olan ev qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adının adlarına hal-hazırda qeydiyyata alınmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşir. Həmin evin Cavabdeh2 məxsusluğu mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşmiş fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 2007-cü il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə cavabdehlərin iradəsi ziddinə deyil, onların razılığı ilə daimi yaşamaq məqsədi ilə köçmüş və əşyalarını həmin evə yığaraq cavabdehlərlə birgə təsərrüfat aparmışdır. İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah olmuş və etibarlı ailə münasibətləri yaranmışdır. Cavabdehlər məhkəmə iclasında iddiaçını mübahisəli evə gəlin olaraq köçürmələrini mübahisələndirmədilər. Eləcə də, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin cavabdehlərin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmaması həmin evdə yaşayanların sahiblik və faktiki istifadəsinin olmaması demək deyildir. İddiaçı da cavabdehlərlə birlikdə mübahisəli yaşayış evində yaşamış və həmin evə münasibətdə cavabdehlərlə bərabər imkan əldə etmişdir. İddiaçının uşaqları da onun himayəsində yaşadığından və onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən uşağın da mübahisəli fərdi yaşayış evinə iddiaçı ilə birlikdə köçürülmələri tam qanuni və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı uşaqları 29.10.2008-ci il təvəllüdlü X5 və 29.07.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları 29.10.2008-ci il təvəllüdlü X5 və 29.07.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar