Məhkəmə qərarları › İş №2(042)-1143/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1143/2021

18.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1143/2021 18.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı fərdi yaşayış evinə ayrıca sənəd verilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “paylı fərdi yaşayış evinə ayrıca sənəd verilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin forma və məzununa əməl edilməmişdir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanundan sonra iddia ərizəsi hazırlanarkən aşağıdakı qaydalara əməl olunmalıdır. Əks, təqdirdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən, İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İddiaçı yuxarıda qeyd olunan iddia ərizəsi üçün nəzərdə tutulmuş formaya əməl etməmişdir. Eləcə də, iddiaçı dövlət rüsumunu müəyyən edilmiş məbləğdə ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Belə olan halda iddiaçı iddia ərizəsi ilə qeyd edilən tələblə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəməlidir. Lakin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunu ödəməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “paylı fərdi yaşayış evinə ayrıca sənəd verilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar