Məhkəmə qərarları › İş №2(042)-119/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-119/2021

02.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-119/2021 02.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı İsa oğlunun və Cavabdeh1 iştirakları ilə, İddiaçı İsa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsa oğlu məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 03 saylı qərarına əsasən, 05 may 2010-cu ildə Dövlət Kadastr kitabında 507 nömrə ilə uçota alınmış A № 255248 saylı “Torpaq sahəsinin plan və ölçüsü” əsasında verilmiş 7999 kv.m torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsa oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 03 saylı qərarına əsasən, 05 may 2010-cu ildə Dövlət Kadastr kitabında 507 nömrə ilə uçota alınmış A № 255248 saylı “Torpaq sahəsinin plan və ölçüsü” əsasında ona 7999 kv.m torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona verildiyi vaxtdan cavabdehlər həmin torpaq sahəsini zəbt edərək istifadə edtmişlər. O, cavabdehlərə qanunsuz hərəkətlərinə son qoymalarını dəfələrlə xahiş etsə də cavabdehlər buna məhəl qoymamışdır. Onun hüquqları cavabdehlər tərəfindən kobudcasına pozulur. Cavabdelərin ona məxsus torpaq sahəsini qanunsuz olaraq tutması davamlı olaraq mübahisələrə səbəb olur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, heç kimi torpaq sahəsini tutmamışdır. O, öz torpaq sahəsini istifadə edir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X2 rayonu, Novoivanovka kəndində qeydiyyatdadır. İşdə olan X3 kitabında 12.05.2010-cu il tarixdə 507 nömrə ilə uçota alınmış AN seriyalı 255248 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı Gədəbəy rayonunun Novoivanovka kəndində 7999 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 13.10.2021-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, 05 may 2010-cu ildə Dövlət Kadastr kitabında 507 nömrə ilə uçota alınmış A № 255248 saylı Torpaq sahəsinin plan və ölçüsü əsasında İddiaçı İsa oğluna məxsus olan 7999 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 7357 kv.m hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir, lakin Cavabdeh2 Kamil oğlunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi torpaq sahəsinin planı və ölçüsünə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədinin olduğunu, bununla da onun qarşısında həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahələri üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahələrinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması və həmin torpaq sahələrinin cavabdeh tərəfindən istifadə edilməsi tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə müəyyən edilir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, 05 may 2010-cu ildə Dövlət Kadastr kitabında 507 nömrə ilə uçota alınmış A № 255248 saylı Torpaq sahəsinin plan və ölçüsü əsasında İddiaçı İsa oğluna məxsus olan 7999 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 7357 kv.m hissəsiCavabdeh1 tərəfindən istifadə edilir, lakin Cavabdeh2 Kamil oğlunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Eləcə də, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərdiyi kimi ona məxsus olan torpaq sahəsinin 7357 kv.m hissəsi yalnız Cavabdeh1 tərəfindən istifadə edilir. Digər Cavabdeh2 Kamil oğlunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Göründüyü ki, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini istifadə etməsi öz təsdiqini tapsa da, digər Cavabdeh2 Kamil oğlunun iddiaçıya məxsus torpaq sahəsini istifadə etməsi mütəxəssis rəyi ilə, eləcə də, işdə olan sübutlarla öz təsdiqini tapmadı. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona məxsus torpaq sahəsinin 7357 kv.m hissəsindən Cavabdeh1 məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayon Aqrar islahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, 05 may 2010-cu ildə Dövlət Kadastr kitabında 507 nömrə ilə uçota alınmış A № 255248 saylı Torpaq sahəsinin plan və ölçüsü əsasında İddiaçı İsa oğluna məxsus olan 7999 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 7357 kv.m hissəsindən Cavabdeh1 çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu və mütəxəssis xərci olaraq müəyyən edilmiş 311 manat məbləğində pulu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Aqrar islahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, 05 may 2010-cu ildə Dövlət Kadastr kitabında 507 nömrə ilə uçota alınmış A № 255248 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında İddiaçı İsa oğluna məxsus olan 7999 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 7357 kv.m hissəsindən Cavabdeh1 çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh1 tutularaq İddiaçı İsa oğluna ödənilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq müəyyən edilmiş 311 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı İsa oğluna ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar