Məhkəmə qərarları › İş №2(042)-1203/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1203/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1203/2024 02.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihad Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən ona məxsus 6994.36 kvm torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh oğludur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Gədəbəy rayonu, Arıqıran kəndində 6994.36 kvm torpaq sahəsi vardır. 1999-cu ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Cavabdeh də həmin vaxtdan o evdə yaşayır. O, cavabdehə başqa bir yerdə torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ev də bağışlamışdır. Cavabdeh həmin evdə yaşasa da, ona məxsus həyəti və evi də zəbt etmiş, onu həmin evə buraxmır. Cavabdehlə münasibətləri yaxşı deyildir. Hazırda Tovuz rayonu, Qovlar qəsəbəsində yaşayır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, hazırda Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. O, bu evdə doğulmuş və həmişə bu evdə yaşamışdır. Ailə qurduqdan sonra isə evi böyütmüş və yaxşılaşdırmışdır. O, iddiaçının da bu evdə yaşamasına etiraz etmir. Lakin iddiaçı yeni ailə qurmuşdur və hazırda Tovuz rayonu, Qovlar qəsəbəsində yaşayır. O, bu evidən də onu çıxarmaq və sahibliyinə keçirmək istəyir. Halbuki, onun yaşamağa başqa evi yoxdur. İddiaçının ona bağışladığı ev yarıuçuqdur və yaşamaq üçün tam yararsızdır. Evin döşəməsi yoxdur.Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh Gədəbəy rayonu, Arıqıran kəndində atası İddiaçı məxsus təsərrüfatda qeyd edilmişdir və uzun müddətdir ki, arvadı və üç yetkinlik yaşına çatmayan övladı ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin nizahatlarını və işdə olan sübutları təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçının özünün bildirdiyinə görə cavabdeh 1999-cu ildən mübahisə edilən evdə yaşayır və ailə üzvü kimi evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququ əldə etmişdir. Ona görə də iddia tələbi təmin edilməməldir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar