Məhkəmə qərarları › İş №2(042)-1231/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1231/2024

02.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1231/2024 02.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: əmək mübahisələri, işə bərpa) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 оğlunun katibliyi, İddiaçı, cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi (rəisi) X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli 72 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndis vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdən davamlı olaraq Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında işləmişdir. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi F.Bayramovun göstərişi ilə xx.xx.2023-cü il tarixində ərizə yazaraq 20 dekabr 2023-cü ildə səhəti ilə bağlı onu işdən azad etməsini bildirmişdir. Ərizəsini yazdıqdan sonra F.Bayramov dərhal ərizəni qəbul edərək ona 20 dekabr 2023-cü ildə işdən azad olunduğunu bildirmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 20 dekabr 2023-cü ildə günün sonu Kombinatın rəisindən ona məxsus olan əmək kitabçasını və işdən çıxma əmrinin verilməsini tələb etmişdir. Ona şifahi olaraq işdən çıxma əmrinin surətini və əmək kitabçasını yaşadığı ünvana poçtla göndəriləcəklərini bildirmişdir. Lakin, təxminən 2024-cü ilin yanvar ayının 15-20-si aralığında Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına gələrək işdən çıxma əmrini və əmək kitabçasını tələb etdikdə ona Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının prezident seçkiləri ilə bağlı tapşırıq verdiyini, 07 fevral 2024-cü il tarixli prezident seçkilərindən sonra dərhal göndərəcəkləri bildirilmişdir. O, seçkilərdən bir neçə gün sonra təkrar şifahi F.Bayramova müraciət etmiş və ona yenə əvvəlki vədlərə oxşar dövlət məmuruna xas olmayan yalan məlumat verərək əmək kitabçasını və işdən çıxma əmrini poçtla göndərdiyini bildirmiş, onu arxayın salıb evə göndərmişdir. Kombinatdan gələndən sonra dəfələrlə poçta gedərək ona Gədəbəy KMK-dan məktub gəlməsi ilə bağlı şifahi soruşmuş, ona məktub gəlmədiyini bildirmişlər. O, həmin ilin fevral ayının sonu mart ayının əvvəli Gədəbəy KMK-ya gedərək F.Bayramova onun yaşadığı ünvana məktub gəlmədiyini bildirmişdir. Bu zaman onun əmək kitabçasını guya poçtla göndərdiyini, kombinatın əməkdaşı səhvən başqa kəndə göndərdiyini, dərhal poçta təkrar gedərək yaşadığı ünvanı düz göstərərək şəxsən özünün göndərdiyini bildirmişdir. Lakin, təxminən sonuncu dəfə Gədəbəy KMK-dan qayıtdıqdan 10 gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemi üzərindən işsiz və iş axtaran kimi qeydiyyatdan keçmək istəyən zaman EİS alt sistemində adına aktiv əmək müqaviləsinin olduğunu görüb, dərhal Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisinə həm yazılı, həmdə şifahi müraciət edərək Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında adına aktiv əmək müqaviləsi üzrə işə çıxmasını xahiş etmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, “həmin ştat (baş mühəndis) üzrə Gədəbəy rayon İcra Hakimiyyətindən işçi göndəriblər ona görə səni götürə bilmərəm”. O, F.Bayramova bildirmişdir ki - “bəs mənim adıma aktiv əmək müqaviləsi ola-ola necə siz işçi qəbul etmisiniz, axı mənim əmək kitabçam, xitam əmrim mənə verilmədən necə başqa şəxsi işə qəbul etmisən”, bu zaman F.Bayramov ona “mənim işimdir, özüm bilərəm” deyərək Kombinatın həyətində özünə məxsus avtomobilə əyləşərək Kombinatı tərk etmiş və bildirmişdir ki, "mənə başçı iş tapşırıb, vaxtım yoxdur sizi dinləməyə”. Bundan sonra Kombinatın rəisinə dəfələrlə edilmiş haqlı müraciətinə baxmayaraq onun heç bir ərizəsi cavablandırılmamışdır. Cavab gəlmədikdə xx.xx.2024 -cü ildən müxtəlif vaxtlarda onlayn və yazılı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qazax -X12 Müfəttişliyinə müraciət etmişdir. Müraciət əsasında araşdırmaya başlayan X8 tərəfindən xx.xx.2024-cü ildə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına göndərdiyi məktuba cavab verilməmişdir. X8 xx.xx.2024-cü il tarixində Gədəbəy rayon İcra Hakimiyyətinə 3-17-5-2-Q-50175/2024 nömrəli məktubla müraciət etmişdir. Lakin xx.xx.2024-cü ildə X8 Xidmətinin X1 daxil olan müraciəti əsasında Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı rəhbərliyinin təqdim etdiyi sənədlərdə inzibati xətanın olduğu müəyyən edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində F.Bayramovun əsassız göstərişi ilə öz hüquqi qüvvəsini itirmiş yazdığı ərizəsini xx.xx.2024-cü ildə qanunsuz olaraq EİS üzərində qeyri-formal olaraq 72 nömrəli əmr yazaraq əmək qanunvericiliyinin tələblərini pozaraq qanunsuz xitam vermişdir. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əmək müqaviləmə xitam verərkən qanunun tələblərini və onun işçi kimi hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də həmin əmr qanunsuz hesab edilməli və ləğv edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi (rəisi) X10 izahatında bildirdi ki, o, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyir. İddiaçı kombinatın baş münhəndis vəzifəsində işləmiş və xx.xx.2023-cü il tarixdə öz arzusu ilə ərizəsi əsasında onunla bağlanış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin bu barədə əmr onun tərəfindən həmin vaxt elektron informasiya sisteminə daxil edilməmiş, xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Bununla da onlar nöqsana yol vermiş və X8 Xidməti tərəfindən pozuntunun aradan qaldırılması tələb edilmiş, əks təqdirdə onun 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin cərimə borcunu da ödəmişdir. İddiaçı öz arzusu ilə işdən azad edilmişdir. Onun işə bərpası üçün heç bir əsas yoxdur. Həmçinin İddiaçı çalışdığı müddətdə barəsində prokurorluqda araşdırma aparılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, İddiaçı Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında əmək qanunvericiliyinin pozulması ilə bağlı X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə ünvanladığı müraciət əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Bununla da İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən xitam verilərkən Əmək Məcəlləsinin 49-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərara əsasən X10 barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən olunmuşdur.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

8. Belə ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlavə edilmiş iş yerinə dair arayışdan və əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndis vəzifəsinə işə götürülmüşdür.

9. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrdən görünür ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən kombinatın baş mühəndisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun öz arzusu ilə (ərizəsi əsasında) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əsasən xitam verilmişdir.

10. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir.

11. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 10 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X10 barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən olunması qərara alınmışdır.

12. Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 9-cu mаddəsinin «b» bəndinə əsаsən, əmək müqаviləsi üzrə işçinin əsаs hüquqlаrındаn biri əmək müqаviləsinin şərtlərini dəyişdirmək və yа оnu ləğv еtmək üçün işəgötürənə mürаciət еtməkdir.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı madəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

14. Məhkəmə iclasında cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X10 təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya hansı tarixdə verilməsini təsdiq edən hər hansı sübut (yaxud iddiaçının əmrin surətini qəbul etməkdən imtina etməsini təsdiq edən sənəd (akt, protokol və s.) məhkəməyə təqdim olunmamışdır. Bu da ona dəlalət edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq iddia müddətini ötürməmişdir.

15. Azərbaycan Respbulikası Əmək Məcəlləsini 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - Həmin maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

16. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir; İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir; İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

17. Məhkəmədə iş materialları və işdə iştirak edən şəxsləri izahatları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndisi vəzifəsiə işə götürülmüş, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Fuad Bayramovun xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun öz arzusu ilə (ərizəsi əsasında) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əsasən xitam verilmişdir. İddiaçı həmin vaxtdan işdən azad edilmiş və həmin vəzifə üzrə əmək funkisyalarını yerinə yetirməmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericliyinin tələblərinin pozulmasını əsas gətirərək əvvəlki işinə, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı baş mühəndisi vəzifəsinə bərpa edilməsini tələb etmişdir.

18. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir. Bu hal məhkəmədə mübahisələndirilməmişdir. Odur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Fuad Bayramovun xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəli iş yerinə bərpa edilməsi üçün heç bir əsas yoxdur.

19. Həmçinin məhkəmə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Bununla da Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəbləri pozulmuş, bu hal X8 Xidməti tərəfindən araşdırılmış və qəbul edilmiş qərara əsasən, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

20. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericilyinin hər hansı tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verildikdən sonrakı hərəkətlərdə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X10 tərəfindən pozuntuya yol verilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəblərinin pozulması işçinin işdən azad edilməsi barədə əmrin ləğvi və əvvəlki iş yerinə bəpası üçün əsas deyildir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

22. Məhkəmə hesab edir ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X10 tərəfindən İddiaçı işdən azad edilməsi zamanı Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə dəqiq əməl edilmişdir. Odur ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa barədə tələbi əsassızdır.

23. Məhkəmə, həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

25. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

26. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır.

27. Beləliklə, qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Qət etdi:

İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar