Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-132/2022 25.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona mülkiyyət hüququ ilə məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən evdən və evin yerləşdiyi 0.2064 ha həyətyanı torpaq sahəsindən çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh2 ilə 1988-ci ildə nikah bağlayaraq, ailə qurmuşdur. Cavabdeh1 isə övladıdır. O, 1990-cı ildə doğulmuş və Gəödəbəy rayonu, Arıqıran kəndində yaşamışdır. Gədəbəy Rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarındakı nikah pozulmuşdur. Onun Gədəbəy rayonu, Arıqıran kəndində 0.2064 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179.4 kv. metr olan fərdi yaşayış evinə 01.04.2019-cu il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış və ona müvafiq Çıxarış verilmişdir. O, özünə məxsus olan Abşeron rayonunun Qobustan kəndində yerləşən 0.041 ha torpaq sahəsi və üzərindəki 110 kv metr fərdi yaşayış evini cavabdehlərə təklif etmişdir və Cavabdeh2 bu təkliflə razılaşmışdır. Onun cavabdehlərlə münasibətləri çox pisdir. Onlarla bir evdə yaşamaq mümkün deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməsi məhkəmədən xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndəklərinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan DƏDRX tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, 01.04.2019cu il tarixdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, ümumi sahəsi 179.4 kv.m olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********75- 10301 olan, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Məsid oğlunun cavabdeh X2 qarşı Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,041 ha torpaq sahəsi və üzərindəki 110 kvm fərdi yaşayış evinin X1 mülkiyyətinə verililməklə cavabdehin Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0,2062 ha torpaq sahəsi və üzərində yerləşən 179,4 kvm fərdi yaşayış evindən çıxarılması tələbləri haqqında iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 261.0. və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə xitam verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, iddiaçı cavabdehlərdən Cavabdeh2 qarşı artıq eyni predmet barəsində eyni əsaslar üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin mübahisə üzrə məhkəmə qətnaməsi çıxarılmışdır. İddiaçının hazırkı iddia ərzəsində Cavabdeh2 qızna qarşı olan tələbinin həcmi azaldılsa da, mahiyyəti üzrə eyni tələbdir və bu hal iş üzrə qərar çıxarılarkən nəzərə alınmalıdır. İddiaçının Cavabdeh1 qarşı olan tələbi isə iddiaçı tərəfindən tələbin faktiki əsasları sübut edilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, cavabdeh 1990-cı ildən etibarən evdə yaşamaqla evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququ əldə etmişdir. Onun bu hüququ iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından daha əvvəl yaranmışdır və bu iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar da yoxdur. Yəni, iddiaçı mülkiyyətində olan olan ev və həyətyanı torpaq sahəsindən digər şəxslərin istifadə hüquqlarına xitam verilməsi və çıxarılmaları barədə tələblə yalnız kompensasiya təklif etməklə müraciət edə bilər. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Cavabdeh1 qarşı ona mülkiyyət hüququ ilə məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən evdən və evin yerləşdiyi 0.2064 ha həyətyanı torpaq sahəsindən çıxarılması tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-132/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-132/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver