Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-134/2022 03.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə JN-540 kod 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında onlara verilmiş 0.80 ha torpaq sahəsinin 0.22 ha əkin üçün nəzərdə tutulmuş hissəsindən cavabdeh X1 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə JN-540 kod 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona və ailə üzvlərinə 0.80 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin təxminən 0.58 ha hissəsi biçənək üçün, 0.22 ha hissəsi isə əkin üçün nəzərdə tutulmuşdur. 18 ildir ki, həmin torpaq sahəsinin 0.22 ha əkin üçün nəzərdə tutulmuş hissəsini cavabdeh X9 qanunsuz olaraq zəbt edərək istifadə edir. Hazırda sözügedən torpaq sahəsindən istifadə edə bilmirlər. O, və ailə üzvləri cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsələr də cavabdeh buna məhəl qoymur. Onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Cavabdehin bu hərəkətləri mübahisələrə səbəb olur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Gədəbəy rayon X11 tərəfindən ona torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış da almışdır. O, hazırda özünə məxsus torpaq sahəsini istifadə edir. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini tutmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatdadır. İşdə olan JN-540 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində İddiaçı və onun ailə üzvlərinə 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-542 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində X2 və onun ailə üzvlərinə 0.84 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(042)-147/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının “Torpağa mülkiyyət hüququna dair” JN-542 saylı KOD 50532018 nömrəli Dövlət Aktında “X14” adında yazılışının və “X5” adında “Hüseynova “ yazılışının texniki səhv hesab edilməsi faktlarının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş **********76 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, X1, X6, X7, X12, X4 və X8 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Arıxdam kəndində 0.2932 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli arayışdan görünür ki, mübahisəli ərazinin koordinatları götürülmüş, lakin faktiki istifadə vəziyyəti ilə Arıxdam kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışda göstərilən səbəblərə görə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə JN- 540 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Gədəbəy rayonu, Arıxdam kəndində İddiaçı və onun ailə üzvlərinə 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus torpaq sahəsinin cavabdeh X9 tərəfindən tutularaq istifadə olunduğunu bildirmiş və onun həmin torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinin cavabdehin sahibliyində olmasını və həmin sahibliyin qanunsuz olmasını sübut etmə vəzifəsi daşıyır. İddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsusluğunu sübuta yetirmək üçün məhkəməyə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktını təqdim etmiş və həmin Dövlət aktında göstərilən torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsinin olduğunu iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.5-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə qeyd olunan hüquq normasına əsasən, sözügedən Dövlət aktında qeyd edilən torpaq sahəsini iddiaçının mülkiyyətində olan torpaq sahəsi kimi qiymətləndirir. Belə ki, Broniovski Polşaya qarşı işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən aslı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Cavabdeh X9 məhkəməyə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edərək, mübahisəli torpaq sahəsinin ona və ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Mübahisənin düzgün həlli üçün məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən tutularaq istifadə edilibedilməməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb edilmiş və eskpertiza təyin edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 mart 2022-ci il tarixli mütəxəssis arayışına əsasən, mübahisəli ərazinin koordinatları götürülmüş, lakin faktiki istifadə vəziyyət ilə Arıxdam kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı qeyd edilmiş, eyni səbəbə görə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bununla da, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi onun qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-134/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-134/2022
03.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver