Məhkəmə qərarları › İş №2(042)-1347/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1347/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1347/2023 21.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Vasilyevnaya qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş Cavabdeh Vasilyevnaya adına Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 1958-ci il tarixdə inşa edilmiş 40 kv.m fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə onunla cavabdeh arasında xx.xx.1993-cü il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, xx.xx.1993-cü il tarixdə Novosaratovka kənd sakini olmuş Cavabdeh Vasilyevnadan 1956-cı il tarixdə inşa edilmiş ümumi sahəsi 40 kv.m fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu ilə 34800 rus rubluna almışdır. Cavabdeh sözü gedən evi, həyətyanı torpaq sahəsini ona təhvil vermiş, o vaxtdan da həmin evdə ailəsi ilə birlikdə yaşamağa başlamış, evi və təsərrüfatı o, ailə üzvüləri ilə birlikdə idarə etmişlər. Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsədüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusya Fedrasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt o da Cavabdeh Vasilyevnayadan sadə razlaşma yolu ilə sözü gedən evi almış və ona bildirdi RF-nın Stavropol şəhərində olan qohumlarının yanına gecəyini bildirmişdir. Həmçinin orada məskunlaşdıqdan sonra qayıdıb gələcəyini və lazımı sənədləri rəsimləşdirəcəklərini bildirmişdir. O, həmin evdə ailəsi ilə birlikdə 1993-cü il tarixdən yaşayırlar. Cavabdeh Vasilyevnaya sözü gedən evi ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə bilərlər və bunu təstiq edərlər. Eyni zamanda həmin tarixdə onun Cavabdeh Vasilyevnaya ilə aralarında bağlanmış akt mövcuddur. Cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Belə ki, cavabdeh 1993-cü il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da mümkün olmamışdır. Cavabdehi tanıyan şəxlər Cavabdeh Vasilyevnayanın hansı ünvanda yaşamasını bilən olmamışdır. Sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o ailəsi ilə birlikdə istifadə edir. Gədəbəy rayon AİK-nın xx.xx.1999-cu il tarixli 09 saylı qərarı əsasında Cavabdeh Vasilyevnanın adına 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin evi və həyatyanı torpaq sahəsini cavabdehin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Belə olan halda cavabdeh onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözü gedən fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini cavabdeh ilə 1993-cü ildə sadə razlaşma yolu ilə 34800 rus rubluna almışadır. Odur ki, Cavabdeh Vasilyevnaya ilə aralarında həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. İddiaçı məhkəməyə ərizə (vəsatət) verərək, mülki işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə bildirişi Cavabdeh Vasilyevnaya təqdim edilməsi məqsədi ilə Gədəbəy rayonu, Novosatovka kənd İƏD üzrə nümayəndəliyinə göndərilmiş və nümayəndəlik tərəfindən cavab olaraq cavabdehin ərazidə yaşamadığı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İddiaç onun qonşusudur. İddiaçı 1993-cü il tarixdən həmin evdə yaşayır. İddiaçı həmin evi rus əsilli bir şəxsdən satın almışdır. Alqı-satqıda o da iştirak etmişdir. İddiaçı pul müqabilində həmin evi və torpaq sahəsini almışdır. X1 və X5 məhkəmə iclasında X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 858 saylı arayışdan görünür ki, RİH başçısının Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 6-cı səhifəsinə, 94 nömrəli şəxsi hesaba əsasən Cavabdeh Vasilyevnanın adına 1956-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m yaşayış evi, tövlə, çardaq və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, RİH başçısının Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin 1991-1995-ci illəri əhatə edən ev təsərrüfatlarının uçotu kitabının 142 nömrəli şəxsi hesaba əsasən Cavabdeh Vasilyevnanın adına ümumi sahəsi 48 kv.m yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan A№ 117315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh Vasilyevnanın mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1489.25 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan sadə yazılı formada bağlanmış əqddən görünür ki, İddiaçı Gədəbəy rayonu, Novosaratovka kənd sakini Cavabdeh Vasilyevna xx.xx.1993-cü il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.25 ha sahəsi olan həyətyanı səhəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini razılaşdılmış qiymətə 34800 rubla İddiaçı satmış və həmin məbləği Cavabdeh Vasilyevna almışdır. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Cavabdeh Vasilyevnanın adına təsərrüfatbaşına kitabda qeydə alınmışdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi müəyyən edilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10 -cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Gədəbəy rayonu, Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri və 1991-1995-ci illəri əhatə edən ev təsərrüfatlarının uçotu kitabına əsasən Cavabdeh Vasilyevnanın adına 1956-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehin Cavabdeh Vasilyevnanın 1996-cı il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ olmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan Cavabdeh Vasilyevnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.1993-cü ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və evi o vaxtkı rus rublu ilə 34800 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun alqı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Cavabdeh Vasilyevnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, Cavabdeh Vasilyevnanın adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh Vasilyevna arasında bağlanmış 19 may 1993-cü il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar