Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-140/2021 22.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və cavabdeh Mehdiyev Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Mehdiyev Cavabdeh və X1 qarşı evə köçürülmə tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Mehdiyev Cavabdeh və X1 qarşı azyaşlı uşaqları ilə birlikdə X1 məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən X1 məxsus olan torpaq sahəsində yerləşən 2 otaqlı evə köçürülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh Mehdiyev Cavabdeh ilə 2003-cü ildə ailə qurmuş və 2007-ci il tarixdə nikah bağlamışlar. Mehdiyev Cavabdeh ilə ailə qurarkən digər cavabdeh X1 məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən torpaq sahəsində inşa edilmiş 2 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə Mehdiyev Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Hazırda dörd azyaşlı uşağı ilə birlikdə yaşamağa evi yoxdur və kirayədə yaşamaq məcburiyyətindədir. Bunun üçün isə kifayət qədər maddi imkanları yoxdur. Halbuki 20 ilə yaxın bir müddətdə cavabdehlərə məxsus evdə yaşamış, onlarla birgə təsərrüfat aparmış, evin, təsərrüfatın saxlanması və yaxşılaşdırılmalarında öz əməyi və vəsaitləri ilə iştirak etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh Mehdiyev Cavabdeh iddia tələblərini etiraf etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının onun evində yaşamasına etirazı yoxdur. Onların yaxın zamanda hərbi xidmətə gedəcək övladı var. O, iddiaçını evdən qovmaq niyyəti yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(042)121/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı cavabdeh Mehdiyev Cavabdeh ilə 2003-cü ildə ailə qurmuş,2007-cı ildə nikah bağlamış və cehiz əmlakı ilə birlikdə onun atası, ikinci cavabdeh X1 məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, iddiaçı 2003-cü ildə cavabdeh Mehdiyev Cavabdeh ilə ailə qurmuş və ailə üzvi kimi, cavabdeh X1 məxsus evə köçmüşdür. Həmin vaxtdan, yəni, 20 ilə yaxın bir müddət ərzində o, heç bir qeyd-şərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlərlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Cavabdehlərin heç birinin evə mülkiyyət hüququ qeydə alınmamışdır. Bu müddət ərzində iddiaçının cavabdehlərlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusundan asılı olmayaraq, onun evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçının evə köçürülməsini qəbul etmiş, iddia tələbini etiraf etmişdir. Ona görə də iddia ərizəsi təmin edilməli, İddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən evə evə köçürülməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları ilə birlikdə X1 məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən X1 məxsus olan torpaq sahəsində yerləşən iki otaqlı evə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-140/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-140/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver