Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-144/2021 10.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı X1 və onun ailə üzvlərinin ona məxsus Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kv.m yaşayış sahəsi 45.4 kv.m, köməkçi sahəsi 55.4 kv.m və torpaq sahəsi 0.25 ha olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)- 56/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin 105/09 SH saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən, ilkin qiyməti 25.000 (iyirmi beş min) manat olmaqla Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kvm, yaşayış sahəsi 45.4 kvm, köməkçi sahəsi 55.4 kvm, torpaq sahəsi 0,25 ha olan əmlakın X2 məxsus hissəsinin hərraca çıxarılması barədə qərar verilmişdir. Həmin qərara əsasən Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kv.m, yaşayış sahəsi 45.4 kvm, köməkçi sahəsi 55.4 kvm, torpaq sahəsi 0.25 ha olan miras əmlakın X2 məxsus hissəsi İddiaçı satılmışdır. Hərrac təşkilatının qərarına əsasən, o, əmlakın 1/11 hissəsinin dəyərini, yəni, 2271 manatı Gədəbəy rayon İcra və Probaiya Şöbəsinin depozit hesabına ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Reyestri Xidməti 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışda göstərilmişdir ki, həmin əmlak, torpağı ilə birgə onun mülkiyyətindədir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, xəstəliyi əlaqədar olaraq mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə biləyəcəyini və mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən mübahisələndirilən evin 1/11 hissəsi ona məxsusdur. O, həmin hissədə ailəsi ilə birlikdə yaşayır. Onun yaşamağa başqa evi yoxdur. Məhkəmə qətnaməsi ilə açıq saxlanılmış 3/11 hissənin isə kimə məxsus olması hələ də müəyyən edilməmişdir. Həmin 3/11 hissədən onun payı müəyyən edilə bilər və həmin hissəyə istifadə hüququ var. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinin 8/11 hissəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kvm, yaşayış sahəsi 45.4 kvm, köməkçi sahəsi 55.4 kvm, torpaq sahəsi 0,25 ha olan miras əmlakın 7/11 hissəsi İddiaçı, 1/11 hissəsi X2 verilmişdir. İşdə olan Gədəbəy Gədəbəy Rayon Məhkəməsinin 2(041)-56/2009 saylı, xx.xx.2009-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kvm, yaşayış sahəsi 45.4 kvm, köməkçi sahəsi 55.4 kvm, torpaq sahəsi 0.25 ha olan miras əmlakın X2 məxsus hissəsinin hərracdan satılması qət edilmişdir. İşdə olan məktubun surətindən görünür ki, İddiaçı X2 məxsus 1/11 hissəsini almışdır. İşdə olan Torpaq sahəsinin Planı və Ölçüsü sənədlərinin surətlərindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarlarına əsasən X2 Gədəbəy rayonunun Yenikənd kəndində 1156.76 kv.m və 1644.22 kv.m torpaq sahələri verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin məhkəmə müdafiə hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Yəni, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmin hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da nümayiş etdirilmiş və qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlərini müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)-56/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 105/09 SH saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kvm, yaşayış sahəsi 45.4 kvm, köməkçi sahəsi 55.4 kvm, torpaq sahəsi 0,25 ha olan miras əmlakın X2 məxsus hissəsinin hərraca çıxarılması barədə qərar verilmişdir. Həmin qərara əsasən, miras əmlakın X2 məxsus hissəsi İddiaçı satılmışdır. Hərrac təşkilatının qərarına əsasən, iddiaçı, əmlakın 1/11 hissəsinin dəyəri olan 2271manatı Gədəbəy Rayon İcra və Probaiya Şöbəsinin depozit hesabına ödəmişdir. Məhkəmə nəzərə alır ki, əmlakın 3/11 hissəsinin mülkiyyətçısi müəyyən olunmamışdır və cavabdehin həmin hissəyə hüquqları yarana bilər. Eyni zamanda istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi ilə yalnız əmlakın tam mülkiyyətçisinin tələb hüququ ola bilər. Bundan başqa iddiaçı cavabdehin ailə üzvlərinin hüquqları ilə əlaqədar tələblə müraciət etməsinə baxmayaraq, ailə üzvlərini cavabdeh kimi məhkəmə çəkişmələrinə cəlb etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-144/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-144/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver