Məhkəmə qərarları › İş №2(042)-1652/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1652/2025

27.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1652/2025 27.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Gədəbəy Rayon Təhsil Sektoru və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair mülki iş (açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, iddiaçı X3 nümayəndəsi X6 və cavabdeh Gədəbəy Rayon Təhsil Sektorunun nümayəndəsi X9 iştirakları ilə iddiaçı X4 cavabdeh Gədəbəy Rayon Təhsil Sektoru və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti

1. İddiaçı X7 cavabdeh Gədəbəy Rayon Təhsil Sektoru və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı Gədəbəy Rayon Uşaq- Gənclər İdman Məktəbində ixtisası üzrə müəllim vəzifəsində 1991-ci ildən işləməsi ilə bağlı bağlanmış əmək müqaviləsinə xitam verilməsi, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy Rayon Təhsil Sektoruna tabe olan Gədəbəy Rayon Uşaq-Gənclər İdman Məktəbinə 16 avqust 1984-cü il tarixdə verilmiş əmrlə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş və həmin vəzifədə işləməyə başlamışdır. O, həmin müəssisədə 1992-ci ilədək işlədikdən sonra işdən çıxaraq getmiş və həmin vaxtdan sonra Gədəbəy Rayon Uşaq-Gənclər İdman Məktəbində müəllim vəzifəsində işləməmişdir.Hazırda o, yaşa görə əmək pensiyası almaq üçün müraciət etdikdə ona 1991-ci ildə Gədəbəy Rayon Uşaq-Gənclər İdman Məktəbində ixtisası üzrə müəllim vəzifəsindən azad edilməsi barədə hər hansı əmrin mövcud olmadığı bildirilmişdir.Bu səbəbdən o, iddia tələbinin təmin edilməsini, onun Gədəbəy Rayon Uşaq- Gənclər İdman Məktəbində müəllim vəzifəsində işləməsi ilə bağlı bağlanmış əmək müqaviləsinə 1991-ci ildən xitam verilməsini, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

Tərəflərin mövqeləri :

3. İddiaçı X3 nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Gədəbəy Rayon Təhsil Sektorunun nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən X2 Rayon Uşaq-Gənclər İdman Məktəbində müəllim vəzifəsində işləmişdir. Hazırda onun əmək müqaviləsinə xitam verilməmişdir. Bu səbəbdən cavabdeh tərəf iddia tələbinin təmin edilməsinə etiraz etmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iddiaçının nümyəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X15-Tovuz Regional Təhsil İdarəsinin iddiaçıya ünvanlanmış 27 noyabr 2025ci il tarixli məktubdan görünür ki, Gədəbəy Rayonu Uşaq Gənclər İdman Məktəbində 1984-1991-ci il əmk kitabında 1984-cü ildə işə qəbul edilməs ilə bağlı əmr tapılmış, lakin 1991-ci ildə işdən azad edilməyə dair qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. İşdə olan Gədəbəy RXMŞ-nin müdirinin 09 avqust 1984-cü il tarixli Əmrindən Çıxarışdan görünür ki, X7 09 avqust 1984-cü il tarixdə Gədəbəy RXMŞ-Gədəbəy Rayon Uşaq-Gənclər İdman Məktəbində müəllim vəzifəsində təyin edilmişdir. İşdə olan Əməkhaqqı Cədvəlindən görünür ki, X1 dəfə 1991-ci ilin dekabr ayında əməkhaqqı almışdır.

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “Qaydaların” təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

10. Beləliklə, məhkəmə araşdırlamsı ilə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən 1984-cü ildə Gədəbəy Rayon Uşaq Gənclər İdman Məktəbinə müəllim vəzifəsində işə qəbul edilmiş və sonuncu dəfə 1991-ci ilin dekabr ayında əməkhaqqı almış, yəni, 1992-ci ilin dekabr ayının sonundan həmin Məktəbdə işləməmiş, yəni, cavabdehlə əmək müqaviləsinə faktiki olaraq xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə və üçüncü şəxsə müraciət etmiş, lakin həmin orqan bu hüquq onlarda olmadığını əsas gətirərək imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yalnız müvafiq məhkəmə onlara bu hüququ verdiyi təqdirdə əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilə bilər.İddiaçı əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən kənar başqa qaydada həyata keçirə bilməmişdir.Ona gördə iddia tələbi təmin edilməli, X4 Gədəbəy Rayon Uşaq-Gənclər İdman Məktəbində müəllim vəzifəsində işləməsinə dair əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 Xidmətinə həvalə edilməlidir.

Nəticə:

15. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPM-nin 119, 216-220, 227, 233, 358, 360-ci mаddələrini rəhbər tutаrаq,

qət etdi:

İddia tələbi təmin edilsin. X5 ilə Gədəbəy Rayon Təhsil Sektorun arasında bağlanmış əmək müqaviləsinə 30 dekabr 1991-ci il tarixdən xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsistemə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar