Məhkəmə qərarları › İş №2(042)-17/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-17/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-17/2024 16.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy Rayon AİK-nın 01 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-142 Kod 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 1.93 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin torpaq sahəsində əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsinin ətrafına çəkdikləri metal torun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi, həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş iki ədəd fərdi yaşayış evinin və həmin evlərin hər birinin yardımçı sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. Eyni zamanda o, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etmiş və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikmişlər. Eyni zamanda cavabdehlərin hər üçü ona məxsus torpaq sahəsinin ətrafına metal tor çəkmişlər. O, cavabdehlərə müraciət edərək aralarında olan məsələnin məhkəmədən kənar qaydada həll olubnmasını təklif etsə də, cavabdehlər etiraz etmiş və torpaq sahəsinin onlara məxsus olmasını bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər onun mülkiyyət hüquqlarını pomuşlar. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, uzun müddətdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də, iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 eyniməzmunlu izahat vermişdir. Cavabdeh3 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, JN-142 saylı Dövlət Aktına əsasən Gədəbəy rayonu, Novosaratovka kənd ərazisində mülkiyyətində olan 0.77 ha torpaq sahəsinin elektron məlumatlarına əsasən döngə nöqtələri yerində ölçülərək iddiaçıya tanıdılmışdır. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon AİK-nın 01 mart 2001-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə 1.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Novosaratovka Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh1 Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.34 hektaradək hissəsi Cavabdeh1, 0.1692 hektaradək hissəsi Cavabdeh2 və 0.031 hektaradək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.34 hektaradək hissəsi Cavabdeh1, 0.1692 hektaradək hissəsi Cavabdeh2 və 0.031 hektaradək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən çəkilmiş xərclər cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.34 hektaradək hissəsi Cavabdeh1, 0.1692 hektaradək hissəsi Cavabdeh2 və 0.031 hektaradək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ona görə də iddia tələbləri təmin edilməli, iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.93 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı, həmin torpaq sahəsinin zəbt etdikləri hissəsinin ətrafına çəkdikləri metal tor onların öz vəsaitləri hesabına sökülməli, həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş fərdi yaşayış evləri və digər tikililər onların öz vəsaitləri hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq, iddiaçıya təhvil verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbləri təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Həsənova X1 Vaqif İsmayıl oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.93 ha torpaq sahəsinin zəbt etdikləri hissələrindən çıxarılsınlar, həmin torpaq sahəsinin zəbt etdikləri hissəsinin ətrafına çəkdikləri metal tor onların öz vəsaitləri hesabına sökülsün, həmin torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş fərdi yaşayış evləri və digər tikililər onların öz vəsaitləri hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq, İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar