Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-18/2025 19.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və çəpərin sökülməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona məxsus olan 0.3899 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin ətrafına çəkilmiş çəpərin cavabdehin hesabına sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, ona ********** qeydiyyat nömrəli Çıxıarış verilmişdir. Həmçinin, torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Hazırda Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsini bütövlükdə özbaşına zəbt etmiş, ətrafını metal tor hasarla çəpərləmişdir.O, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt da müəyyən edilmişdir ki, Cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. O,dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çxımasını və torpaq sahəsinin ətrafına çəkmiş olduğu çəpəri sökməsini tələb etsə də, heç bir müsbət nəticə əldə olmamışdır. Cavabdeh neçə ildir ki, ona məxsus torpaq sahəsini qanunsuz olaraq əkmiş, ona maddi ziyan vurmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həmin torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.3899 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsinə İddiaçı və onun ailə üzvülərinin mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin mübahisələndirilən 0.3732 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin ətrafına cavabdeh tərəfindən metal tor çəpər və tikanlı məftil çəkilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərləzinin rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin mübahisələndirilən 0.3732 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin ətrafına cavabdeh tərəfindən metal tor çəpər və tikanlı məftil çəkilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 100 manat, mütəxəssis tərəfindən rəyin verilməsi üçün 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə edir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçın mülkiyyətində olan Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.3732 ha hissəsindən çıxarılmalı və onun tərəfindən həmin torpaq sahəsinin ətrafina çəkilmiş metal tor çəpər və tikanlı məftil sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən çəkilmiş, cəmi, 195 manat məhkəmə xərci cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.3899 ha torpaq sahəsinin zəbt etdiyi 0.3732 ha hissəsindən çıxarılsın, həmin torpaq sahəsinin ətrafina çəkilmiş metal tor çəpər və tikanlı məftil sökülsün. 195 manat məhkəmə xərci Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-18/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-18/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver