Məhkəmə qərarları › İş №2(042)-189/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-189/2022

21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-189/2022 21.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin boşaldılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyinin “Aqrokoop”un ümumi yığıncağının 02 iyul 2001-ci il tarixli, 2 saylı protokolu və qərarı əsasında ona məxsus olan, Gədəbəy rayonunun Başkənd ərazisində yerləşən 25 ha əkin və 150 ha örüş sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılması və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tiklilərin cavabdehlərin öz hesablarına sökülməsinə dair çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Gədəbəy rayon Tədarük idarəsi iddiaçının sərəncamında və nəzarətində olduğu üçün, həmin tədarük idarəsinin 1000 başlıq qoyun sürüsünü saxlamaq üçün 10 iyul 1995-ci il tarixdə Gədəbəy rayon XDC Rəyasət Heyətinin 68 nömrəli qərarına əsasən 75 ha əkin və 150 ha örüş sahəsi tədarük idarəsinin müvəqqəti istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi 02 iyul 2001-ci il tarixdə Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyinin “Aqrokoop”un ümumi yığıncağının 2 saylı protokolu və qərarı əsasında 25 ha əkin və 150 ha örüş sahəsi iddiaçıya 1.400.000 min manata satılması qərara alınmışdır. Həmin torpaq sahəsi onlara müvəqqəti istifadə üçün verilmişdir. Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyi 2002-2003-cü illərdə ləğv edilmişdir. Artıq neçə ildir ki, cavabdehlər onun həmin torpaq sahəni əllərində heç bir torpağa aid sənəd olmadan zəbt edib istifadə edirlər. Onlar dəfələrlə cavabdehlərə həmin torpaq sahəsinin boşaldılmasını desə də, cavabdehlər onunla razlaşmayaraq torpaq sahəsini boşaltmırlar. Cavabdehlərə torpaq sahəsində istifadə etməsinə imkan vermələri üçün çox xahiş etsə də, buna məhəl qoymayıb torpaq sahəsində öz başına olaraq tikinti də aparmışlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 İddiaçı ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 112 saylı arayışdan görünür ki, İddiaçı hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy rayon XDS Rəyasət Heyətinin 10 iyul 1995-cı il tarixli, 68 nömrəli qərarının surətindən görünür ki, rayon Tədarük İdarəsinə Başkənd kəndinin ərazisindən Hacılar kolxozuna müvəqqəti verilmiş torpaq sahəsindən 1000 baş qoyun saxlamaq üçün 75 ha əkin və 150 ha örüş sahəsi müvəqqəti olaraq XDC-nin 22 may 1995-ci il tarixli, 207 nömrəli məktubu nəzərə alınaraq rayon Tədarük İdarəsinin istifadəsinə verilmişdir. İşdə olan Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyinin “Aqrokoop”un 02 iyul 2001-ci il tarixli, ümumi yığıncağının 2 saylı protokolunun surətindən görünür ki, “Ceyrançöl” qışlağında yerləşən Rayon Aqrokoopa məxsus olan qoyun yatağı və Aqrokoopun balansında olan 367 ha torpaq sahəsi və rayonun Başkəndində XDS-nin 10 iyul 1995-ci il qərarı ilə ayrılmış 75 ha əkin və 150 ha örüş sahəsi ilə birlikdə Düzyurd kənd sakini İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis arayışına görünür ki, mübahisəli ərazi (Başkənd kəndi) Gədəbəy rayon İnzibati ərazisinin sərhədləri daxilində olmadığı üçün və eyni zamanda mübahisələndirilən ərazi barədə elektron məlumat bazasında heç bir məlumat olmadığı üçün rəyin hazırlanması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, mübahisəli ərazi (Başkənd kəndi) Gədəbəy rayon İnzibati ərazisinin sərhədləri daxilində olmadığı üçün və eyni zamanda mübahisələndirilən ərazi barədə elektron məlumat bazasında heç bir məlumat olmadığı üçün rəyin hazırlanması mümkün olmamışdır. Buna görə də, ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon XDS Rəyasət Heyətinin 10 iyul 1995-cı il tarixli, 68 nömrəli qərarına əsasən, Gədəbəy rayonu Başkənd adlanan ərazidən Hacılar kolxozuna müvəqqəti verilmiş torpaq sahəsindən 1000 baş qoyun saxlamaq üçün 75 ha əkin və 150 ha örüş sahəsi müvəqqəti olaraq XDC-nin 22 may 1995-ci il tarixli, 207 nömrəli məktubu nəzərə alınaraq Gədəbəy rayon Tədarük İdarəsinin müvəqqəti istifadəsinə verilməsi qeyd edilmişdir. Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyinin “Aqrokoop”un 02 iyul 2001-ci il tarixli, ümumi yığıncağının 2 saylı protokoluna əsasən, “Ceyrançöl” qışlağında yerləşən Rayon Aqrokoopa məxsus olan qoyun yatağı və Aqrokoopun balansında olan 367 ha torpaq sahəsi və rayonun Başkəndində XDS-nin 10 iyul 1995-ci il qərarı ilə ayrılmış 75 ha əkin və 150 ha örüş sahəsi ilə birlikdə Düzyurd kənd sakini İddiaçı satılmasının qərara alınması göstərilmişdir. İddiaçı məhkəmə iddia qaldıraraq, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu və tikinti işlərinin aparıldığını bildirmiş, torpaq sahəsinin boşaldılmasını və aparılmış tikilinin sökülməsini tələb edir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 157.4,-cü, 187.8-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsində olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi və ya torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olmasını, həmin torpaq sahəsinin cavabdehin sahibliyində olmasını və həmin sahibliyin qanunsuz olmasını sübut etmə vəzifəsi daşıyır. İddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsusluğunu sübuta yetirmək üçün məhkəməyə Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyinin “Aqrokoop”un 02 iyul 2001ci il tarixli, ümumi yığıncağının 2 saylı protokolunu təqdim etmişdir. Protokolda “Ceyrançöl” qışlağında yerləşən Rayon Aqrokoopa məxsus olan qoyun yatağı və Aqrokoopun balansında olan 367 ha torpaq sahəsi və rayonun Başkəndində XDS-nin 10 iyul 1995-ci il qərarı ilə ayrılmış 75 ha əkin və 150 ha örüş sahəsi ilə birlikdə Düzyurd kənd sakini İddiaçı satılmasının qərara alınması göstərilmişdir. Məhkəmə iddiaçı tərəfdən təqdim edilmiş bu sübuta qiymət verməmişdən əvvəl daşınmaz əmlak olan torpaq sahəsinə hüquqların yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Qeyd olunan hüquq normalarına əsasən qeyd edilməlidir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq etmək üçün hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd, torpaq sahəsinə istifadə hüququnun yaranmasını təsdiq etmək üçün isə Azərbsycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində təsbit olunmuş əqdlər və ya digər hüquqi əsaslardan hər hansı birini təqdim etməlidir. İddiaçı qeyd olunan sübutlardan hər hansı birini məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi protokoldan çıxarış isə ona mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququn yaranması üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarından məlum olur ki, Gədəbəy rayon Tədarük Sənaye Ticarət Birliyinin “Aqrokoop” müvafiq icra hakimiyyəti orqanı olmamış, hüquqi şəxsin funksiyalarını yerinə yetirən struktur vahidi olmaqla ona müvəqqəti istifadəyə verilmiş torpaq sahəsinə dair sərəncam vermə səlahiyyətinə malik olmamışdır. Eləcə də, həmin idarə ilə iddiaçı arasında mübahisələndirilən torpaq sahəsinin satılması və ya müvəqqəti istifadəsinə dair heç bir müqavilə bağlanmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququnun olması təqdim olunmuş sənədlərlə sübuta yetmir. Həmçinin, iş üzrə qeyd edilən xüsussatların araşdırılması üçün məhkəmə tərəfindən mütəxəssis cəlb edilmiş və eskpertiza təyin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis arayışına əsasən, mübahisəli ərazi (Başkənd kəndi) Gədəbəy rayon İnzibati ərazisinin sərhədləri daxilində olmadığı üçün və eyni zamanda mübahisələndirilən ərazi barədə elektron məlumat bazasında heç bir məlumat olmadığı üçün rəyin hazırlanması mümkün olmamışdır. Eyni səbəbə görə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair hüququnun olması barədə iddia tələbini əsaslandıran halları məhkəmə iclasında sübuta yetirə bilmədi və iddia tələbinin qanuni əsaslarının hüquqi şərtləri mövcud olmadığından onun cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsini tələb etməkdə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin boşaldılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar