Məhkəmə qərarları › İş №2(042)-195/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-195/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-195/2025 05.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh və onun nümayəndəsi vəkil X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ona məxsus 125.70 kvm fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh iddiaçının gəlinidir. Cavabdehlə oğlu 2008-ci ildə ailə qurmuşlar.Nikahlarını xx.xx.2009-cu il tarixində Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlamışlar. Onların nikah münasibətlərindən xx.xx.2009-cü il tarixdə X4, xx.xx.2010-cu il tarixdə X1, xx.xx.2011-ci il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X2 doğulmuşlar.Cavabdeh ilə X3 ailə qurduqdan sonra, iddiaçıya məxsus Slavyanka kəndində yerləşən ümümi sahəsi 125.70 kvm olan fərdi yaşayış evində yaşamışlar. Hazırda həmin evə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının oğlu cavabdehlə nikahın pozulması ilə əlaqədər Gədəbəy Rayon Məhkəməsinə ərizə vermişdir. Nikah pozulduqdan sonra iddiaçı cavabdehə könüllü olaraq ona məxsus evdən çıxmasını təklif etmişdir. Lakin cavabdeh evdən çıxmayacaqını və ona şər-böhtan ataraq, tuturacağını bildirmişdir. Yəni, tərəflər arasında münasibətlər kəskindir və onların bir evdə yaşamaları mümkün deyildir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı qaynatasıdır. O, iddiaçının oğlu Yalçın İsmayılovla 2006-cı ildə ailə qurmuş və iddiaçıya məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evə köçmüşdür. İddiaçının oğlu ilə nikahlarını xx.xx.2009-cu il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlamışlar.Onların nikah münasibətlərindən dörd övladları olmuşdur. Hazırda birlikdə iddiaçıya məxsus evdə yaşayırlar. Uşaqlar yetkinlik yaşına çatmamışlar. İddiaçının evə mülkiyyət hüququ 2024-cü ildə qeydə alınmışdır. Onun iddiaçı və onun oğlu ilə ailə münasibətləri pozulmuşdur. İddiaçı onun evdən çıxmasını istəyir. Lakin o, 19 ildir ki, həmin evdə yaşayır. Həmin evdə uşaqları doğulmuşdur. Onun evdən istifadə hüququ yaranmışdır. Yaşamağa başqa evi yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ 25 sentyabr 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin nizahatlarını və işdə olan sübutları təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məsəlləsinin 228-ci maddəsi və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Eyni zamanda məhkəmə nəzərə alır ki, iddiaçının torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə mülkiyyət hüququ yalnış 25 sentyabr 2024-cü il tarixdə qeydə alınmışdır, cavabdeh isə həmin evə 2006-cı ildə köçmüşdür. Yəni, tərəflər arasında ailə münasibətləri yaranan vaxtda iddiaçının həmin yaşayış evinə mülkiyyət hüququ qeydə alınmamışdır və tərəflər arasında istifadə hüququ ilə əlaqədar hər hansı razılaşmanın əldə edilməsi və hüququn qeydə alımması mümkün olmamışdır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, iş üzrə mübahisə edilməyən hallardan görünür ki, cavabdeh 2006-cı ildə iddiaçının oğlu Yalçın İsmayılovla ailə qurmuş və iddiaçıya məxsus evə köçmüşdür. Cavabdeh 2009-cu ildə iddiaçının oğlu ilə nikah bağlamışdır. Onların nikah münasibətlərindən dörd övladları doğulmuşdur. Cavabdeh ailə üzvləri ilə birlikdə artıq 19 ildir ki, iddiaçıya məxsus evdə yaşayır və onlarla ümumi təsərrüfat aparır. Yəni, cavabdehin də ailə üzvü kimi evdən yaşayış hüququ yaranmışdır və iddiaçı ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun bu hüququ saxlanılır. Ona görə də iddia tələbi təmin edilməməldir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar