Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-198/2024 15.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: torpaq mübahisələri torpaq sahəsinin boşaldılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu Çobankənd kəndində yerləşən, JN-518 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona məxsus olan 1.33 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 1575.27 kv.m hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə nənəsi X1, onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Çobankənd kəndində 1.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-518 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin 1575.27 kv.m və 2504.93 kv.m hissələri ayrı-ayrı koordinatlarda olmaqla əkin üçün nəzərdə tutulmuşdur. Nənəsi vəfat etmişdir. Hal-hazırda torpaq sahəsinin mülkiyyətçisi odur. O, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2023-cü il tarixdə sözügedən torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Çobankənd kənd sakini Cavabdeh torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 1575.27 kv.rn hissəsini qanunsuz olaraq tutmuşdur. Cavabdehdən torpaq sahəsindən çıxmasını və torpaq sahəsini boşaltmağını tələb etsə də, cavabdeh istifadə etdiyi torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli, 26 saylı qərarı ilə JN-270D, KOD 50529018 saylı Dövlət aktı əsasında ona və ailə üzvlərinə 0.15 ha torpaq sahəsi ayrılmışdır. Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus torpaq sahəsini tələb edir və həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini istəyir. Cavabdehə aralarında olan mübahisənin aydınlaşıdırılması üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN-1518 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Çobankənd kəndində 1.33 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-270D KOD 50529018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli, 26 nömrəli qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Çobankənd kəndində 0.15 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən tutulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmədə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Çobankənd kəndində 1.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-1518 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən tutulmuşdur. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğu və həmin torpaq sahəsinin bütövlüklə Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş, JN- 1518 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən 1.33 ha torpaq sahəsinin 1575.27 kv.m hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu və məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 100 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin işə baxılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin bank hesabına İddiaçı tərəfindən 95 (doxsan beş) manat məbləğində xidmət haqqı ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş, JN-1518 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən 1.33 ha torpaq sahəsinin 1575.27 kv.m hissəsindən Cavabdeh çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-198/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-198/2024
15.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver