Məhkəmə qərarları › İş №2(042)-20/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-20/2025

14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-20/2025 14.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və çəpərin sökülməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona məxsus olan 0.08 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, evin və tövlənin arxa hissəsində yerləşən həmin torpaq sahəsinin ətrafına cavabdeh tərəfindən çəkilmiş metal tor hasarın cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə törədilən hər cür müdaxiləyə son qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mülkiyyətində Gədəbəy rayonu, Söyüdlü kəndində fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi vardır. Həmin əmlaka dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Hazırda Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsinin təxminən 0.01 ha hissəsini qanunsuz olaraq özbaşına zəbt etmiş, həmin hissədə torpaq sahəsinin ətrafına metal tor hasar çəkmiş, eləcə də metal tor hasarın bir ucunu fərdi yaşayış evinin və evin yardımçı sahəsi olan tövlənin arxa divarının dam örtüyünün taxta milinə bağlamışdır. Cavabdeh onun evinin və tövlənin arxa hissəsində yerləşən torpaq sahəsini qanunsuz olaraq zəbt edib çəpərlədiyinə görə o, həmin əraziyə keçə və orada təmir işləri apara bilmir. Dəfələrlə cavabdehdən torpaq sahəsinin qanunsuz olaraq tutduğu hissəsindən çıxmasını, evin və tövlənin arxa hissəsində yerləşən torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasarın sökməsini tələb etsə də, heç bir müsbət nəticə əldə olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin bildirişlər ona çatmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 13 noybar 2023-cü il tarixdə 0.08 ha yaşayış məntəqəli torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan ƏMDX-nin DƏDKR X4 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən verilmiş Rəydən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 39.81 kvm hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh çəkdiyi tor hasar X2 məxsus torpaq sahəsində yerləşir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 100 manat, mütəxəssis tərəfindən rəyin verilməsi üçün 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.08 ha torpaq sahəsinin 39.81 kvm hissəsindən çıxarılmalı, həmin torpaq sahəsinin zəbt etdiyi hissəsinin ətrafına çəkilmiş metal tor hasar onun öz vəsaiti hesabına sökülməli, cavabdeh tərəfindən həmin torpaq sahəsinə müdaxilələr edilməsinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən çəkilmiş, cəmi, 195 manat məhkəmə xərci cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.08 ha torpaq sahəsinin zəbt etdiyi 39.81 kvm hissəsindən çıxarılsın və həmin torpaq sahəsinin zəbt etdiyi hissəsinin ətrafına çəkdiyi tor hasar onun öz hesabına sökülsün, Cavabdeh İddiaçı məxsus torpaq sahəsi və fərdi yaşayış evinə müdaxilə etməsi qadağan edilsin. Ödənilmiş cəmi, 195 manat məhkəmə xərci Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar