Məhkəmə qərarları › İş №2(042)-203/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-203/2024

11.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-203/2024 11.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabeh X5 qarşı torpaq sahəsindən çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-ci il №102 sərəncamı ilə X11 Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin 10 iyun 1996-ci il tarixli rəyi nəzərə alınmış, M.Quliyev adına kolxozun ümumi yığıncağının 30 aprel 1996-cı il tarixli qərarı təsdiq edilmiş iddiaçıya 0.6 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona verildikdən sonra iddiaçı həmin yerə bir maşın daş tökdürmüş, bir neçə il torpaqdan istifadə etmiş,amma maddi imkanı olmadığı üçün ev tikdirməmişdir. İddiaçının həyat yoldaşı Rusiyadan qayıtdıqdan sonra məlum olmuşdur ki, torpaq sahəsini cavabdeh tutmuşdur. Cavabdeh həmin yerin ona bələdiyyə tərəfindən verildiyini bildirmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həmin torpaq sahəsi ona Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı ilə ayrılmış, bununla əlaqədar Torpaq Sahəsinin Mülkiyyətə X4 tərtib edilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-ci il №102 sərəncamı ilə X11 Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin 10 iyun 1996-ci il tarixli rəyi nəzərə alınmış, M.Quliyev adına kolxozun ümumi yığıncağının 30 aprel 1996-cı il tarixli qərarı təsdiq edilmiş, İddiaçı 0.6 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsi Haqqında Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı ilə Gədəbəy rayonu, Harelsk kənd sakini X8, X9 və X3 ümumi birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki,X6 ayrılmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düsür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, X6 ayrılmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üst düsür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1996-ci il №102 sərəncamı ilə X11 Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin 10 iyun 1996-ci il tarixli rəyi nəzərə alınmış, M.Quliyev adına kolxozun ümumi yığıncağının 30 aprel 1996-cı il tarixli qərarı təsdiq edilmiş, iddiaçıya 0.6 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilməmişdir. Eyni zamanda, Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı ilə Gədəbəy rayonu, Harelsk kənd sakinləri X8, X9 və X3 ümumi birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmişdir. Mütəxəssis və ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 0.0556 ha hissəsi JN-003A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə əsasında Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin qənaətinə görə Gədəbəy Rayon AİK-nın 15 yanvar 2001-ci il tarixli qərarı və qərar əsasında verilmiş Şəhadətnamə qüvvədə olduğu halda, iddia tələbi təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq koordinatları göstərilməmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar