Məhkəmə qərarları › İş №2(042)-206/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-206/2023

03.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-206/2023 03.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında bizə məxsus olan 0.40 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.29 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması və həmin torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.29 ha hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi nəticəsində bizə əldən çıxmış fayda olaraq dəymiş maddi ziyana görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb bizə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə ataları X2 və onların ümumi birgə mülkiyyətlərinə Gədəbəy rayonu, Şurakənd (indiki Şahdağ) kəndində 0.40 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-250 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. X4 xx.xx.2012-ci ildə vəfat etmişdir. Hal-hazırda torpaq sahəsinin mülkiyyətçiləri onlardır. Torpaq sahəsinin 0.29 ha hissəsi əkin üçün nəzərdə tutulmuşdur. O, İddiaçı1 torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.29 ha hissəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2022-ci il tarixdə sözügedən 3.29 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdıldı, bu barədə akt tərtib edildi. Həmin vaxt məlum oldu ki, həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 0.29 ha torpaq sahəsini bütövlükdə qanunsuz olaraq tutmuşlar. Cavabdehlərdən onların torpaq sahələrindən çıxmalarını və torpaq sahəsindən istifadə etməmələrini tələb etsələr də, cavabdehlər buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirir. Nətiəcə də onların mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Həmçinin 1998-ci ildə Aqrar İslahat Komissiyası torpaq sahəsini ayırdığı vaxtdan indiyədək cavabdehlər onların torpaq sahələrini əkib-becərmişlər və onlara xeyli miqdarda maddi ziyan vurmuşlar. Cavabdehlərdən Cavabdeh2 hər il onarın torpaq sahələrində yonca, Cavabdeh1 isə kartof, lobya məhsulu əkmişdir. Hal-hazırda onlara əldən çıxmış fayda olaraq dəymiş ziyanın məbləği 8000 manat təşkil edir. Odur ki, cavabdehlər tərəfindən onlara dəymiş 8000 manat maddi ziyanın əvəzinin ödənilməsini də tələb etməkdə haqlıdırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan JN-250 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə X2, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Şurakənd (indiki Şahdağ) kəndində 0.40 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı əsasında İddiaçı1 və ailə üzvlərinə məxsus olan mübahisələndirilən 0.29 ha torpaq sahəsinin 0.0778 ha hissəsi Cavabdeh2 və 0.1645 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli, 10/5505 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı əsasında İddiaçı1 və ailə üzvlərinə məxsus olan mübahisələndirilən 0.29 ha torpaq sahəsinin 0.0778 ha hissəsi Cavabdeh2 və 0.1645 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə X2, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Şurakənd (indiki Şahdağ) kəndində 0.40 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-250 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İddiaçılar məhkəmədə iddia qaldıraraq, onlara məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyini və onlara maddi ziyan vurulduğunu iddia etmiş, cavabdehlərin onlara məxsus olan torpaq sahələrindən çıxarılmasını və torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahələrinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0.0778 ha hissəsinin Cavabdeh2 və 0.1645 ha hissəsinin isə Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlər, mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı əsasında İddiaçı1 və ailə üzvlərinə məxsus olan mübahisələndirilən 0.29 ha torpaq sahəsinin 0.0778 ha hissəsi Cavabdeh2 və 0.1645 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Bu da onu göstərir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Cavabdehlər isə mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı əsasında İddiaçı1 və ailə üzvlərinə məxsus olan mübahisələndirilən 0.40 ha torpaq sahəsinin 0.0778 ha hissəsindən Cavabdeh2 və 0.1645 ha hissəsindən isə Cavabdeh1 məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə iddiaçıların maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi nəticəsində onlara 8000 manat zərər vurulduğunu bildirsə də, iddiaçılar, cavabdehlərin həmin torpaq sahəsindən necə istifadə etməsi, istifadə nəticəsində ona vurulmuş ziyanın nədən ibarət olması, həmin ziyanın necə yaranması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. MPM-in 77.1-ci maddəsinə əsasən, qeyd olunan halları sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan hissəsində tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsi uzun müddət cavabdehlərin sahibliyində olmuş, onlar vicdanlı sahib olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə etmişdir. Belə ki, cavabdehlər mübahisəli torpaq sahəsinin onlara aid olduğunu bilmiş, həmçinin iddiaçıların bildirdiyinə görə onlar iddia qaldırmamışdan əvvəl bu torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər həmin torpaq sahəsindən istifadəyə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında X2, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin 0.0778 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh2 və 0.1645 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis rəyinin verilməsinə görə müəyyən edilmiş mütəxəssis xərcini ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərcinin yarısı cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-250 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında X2, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin 0.0778 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh2 və 0.1645 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərcinin yarısı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qalan hissəsi iddiaçılara aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, qalan 50 manat hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar