Məhkəmə qərarları › İş №2(042)-215/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-215/2021

19.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-215/2021 19.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və cavabdeh Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X2 qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X2 qarşı Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X1 xx xxxxxx 2020-ci il tarixli əmrini ləğv edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X1 xx xxxxxxxx 2020-ci il tarixli əmrinə əsasən Çalburun Kənd S.Pirverdiyev adına X6 hərbi rəhbəri təyin edilmiş, xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 hərbi rəhbər vəzifəsindən azad edilmişdir. Lakin dekabr ayının əvvəllərinə qədər həmin məktəbdə işləmiş, dekabr ayından Gədəbəy rayonunun digər kənd orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. O, Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 hərbi rəhbər vəzifəsindən qanunsuz azad edilmişdir. Bu barədə ona heç bir məlumat verilməmiş, bundan xəbəri olmamışdır. 2020-ci ilin dekabr ayında ona işdən azad olmasını bildirmişlər. İşdən azad olması haqqında əmri isə dekabr ayının sonlarında dəfələrlə xahiş və tələb etdikdən sonra almışdır. O, dəfələrlə Gədəbəy Rayon Təhsil Şöbəsinə, Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciətlər etsə də onlar məhkəməyə müraciət etməyimi bildirmişlər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X3 məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək, bildirmişdir ki, məktəbin hərbi rəhbəri pensiya yaşına çatdığı üçün onun əmək müqaviləsinə xitam verilmiş, həmin vəzifə vakant olduğundan Gədəbəy Rayon Təhsil Şöbəsinə məlumat verilmiş, şöbənin razılığı ilə İddiaçı həmin vəzifəyə təyin edilmişdir. Sonradan Gədəbəy Rayon Təhsil Şöbəsinin göstərişi ilə məktəbin hərbi rəhbər vəzifəsinə digər şəxs gətirilmiş, İddiaçı əvvəlki iş yerinə qaytarılmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Təhsil Şöbəsinin tərəfindən verilmiş məktubun surətindən görünür ki, İddiaçı Gədəbəy Rayon X7 Orta məktəbinə yerdəyişmə etməsinə etiraz etməmişlər. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş məktubun surətindən görünür ki, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, 1 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdən Gədəbəy Rayonu, X7 Orta məktəbinə hərbi rəhbəri vəzifəsinə təyin edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 11 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı başqa işə keçdiyi üçün məktəbin hərbi rəhbəri vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu aşağıdakılardan ibarətdir:

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məcəllənin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri aşağıdakılardan ibarətdir:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.

6. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir.

7. Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Gədəbəy Rayon Çalburun Kənd S.Pirverdiyev adına X6 direktoru X1 xx xxxxxxxx 2020-ci il tarixli əmrinə əsasən S.Pirverdiyev adına Çalburun Kənd X6 hərbi rəhbəri vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən başqa işə keçməsi əsası ilə hərbi rəhbər vəzifəsindən azad edilmişdir. Lakin o, faktiki olaraq, başqa işə keçməmiş, dekabr ayının əvvəllərinə qədər həmin məktəbdə işləmişdir. Yəni, İddiaçı Gədəbəy Rayonu, S.Pirverdiyev adına Çalburun Kənd X6 hərbi rəhbər vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən səbəblər olmadan, qanunsuz azad edilmiş, azad edilməsi haqqında əmr ona vaxtında verilməmiş, əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Gədəbəy Rayonu, S.Pirverdiyev adına Çalburun Kənd X6 direktoru X1 xx xxxxxx 2020-ci il tarixli əmri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Gədəbəy Rayonu, S.Pirverdiyev adına Çalburun Kənd X6 direktoru X1 xx xxxxxx 2020-ci il tarixli əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar