Məhkəmə qərarları › İş №2(042)-24/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-24/2025

28.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-24/2025 28.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 оğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona və ailə üzvlərinə verilmiş 0,8263 ha torpaq sahəsinin 0,30 ha hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona və ailə üzvlərinə verilmiş 0,8263 ha torpaq sahəsinin 0,3114 ha hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonunun Soyuqbulaq kəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən 0,8263 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bundan əlavə torpaq sahəsinin plan və ölçüsü sənədi də onun adınadır. Bir sözlə torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədləri vardır. Həmin torpaq sahəsinin təxminən 0,30 ha hissəsini iş üzrə Cavabdeh qanunsuz olaraq zəbt edərək metal naqillə çəpərə alaraq istifadə edir. Hazırda sözügedən torpaq sahəsindən istifadə edə bilmir. O, cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsə də cavabdeh, buna məhəl qoymur. Onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Cavabdehin belə etməsi davamlı olaraq mübahisələrə səbəb olur. Torpaq sahələri 1998-ci ildə bölünərək vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin vaxtdan keçən 26 il ərzində Cavabdeh onlara məxsus torpaq sahəsinin təxminən 0,30 ha hissəsini qanunsuz olaraq zəbt edərək istifadə etməsi nəticəsində ona və ailə üzvlərinə orta hesabla 45000 manat məbləğində maddi zərər vurulmuşdur. Bu barədə bir çox aidiyyəti orqanlara müraciətlər etmişdir. Lakin mübahisə mülki xarakterli olduğundan, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, təxmini ölçmələr əsasında iddia tələbində ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,30 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, 2(042)-709/2024 nömrəli mülki iş üzrə qəbul edilmiş xx.xx.2024-ci il tarixli 2(042)-709/2024 nömrəli qərardad əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 20 sentyabr 2024-cü il tarixli 3-21-3-40/2-4993/24 nömrəli mütəxəssis rəyində Cavabdeh tərəfindən ona və ailə üzvlərimə məxsus torpaq sahəsinin 0,3114 ha hissəsindən istifadə edilməsi məlum olmuşdur.

II. Tərəflərin mövqeləri:

5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi, ona qarşı qaldırılmış iddianın əsassız olduğunu bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə payları olmaqla İddiaçı və ailə üzvləri olan digər 4 nəfərin adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeyd alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövıət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, **********83 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,8263 ha torpaq sahəsinin 0,3114 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli, 10/8705 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, **********83 qeydiyyat nömrəli çıxarış əsasında Gədəbəy rayonu Soyuqbulaq kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,8263 ha torpaq sahəsinin 0,3114 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

10. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

13. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

14. Məhkəmədə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,8263 ha torpaq sahəsinin 0,3114 ha-dək hissəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur.

15. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0,3114 ha hissəsinin Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır.

16. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi.

17. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə İddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha torpaq sahəsinin 0,3114 ha hissəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh çıxarılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis xərci və ekspertiza xərci ödəmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və ekspertiza xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2023cü il tarixdə, ********** nömrə ilə İddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha torpaq sahəsinin 0,3114 ha hissəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun, 95 (doxsan beş) manat mütəxəssis xərcinin və 50 (əlli) manat ekspertiza xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar