Məhkəmə qərarları › İş №2(042)-250/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-250/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-250/2021 07.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mərhum atası X1 miras qalmış Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 0.36 kv.m fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X2 adına Gədəbəy rayonunun Novoivanovka kəndində 0,25 ha həyətyanı torpaq sahəsi və 36 kv.m fərdi yaşayış evi olmuşdur. Həmin evdə mərhum atası və anası yaşamışlar. Mərhum anası X4 xx.xx.1982-ci il tarixdə, atası X7 isə xx.xx.1988-ci il tarixdə vəfat etmişlər. Atası və anası sağlığında özlərinə məxsus evi və bütün əmlaklarını ona vermiş və həmin təsərrüfatı o, idarə etmişdir. Bundan sonra birinci Qarabağ müharibəsi olmuş və o, müharibəyə getmiş, uzun müddət evi sənədləşdirmək mümkün olmamışdır. Bundan sonra bacısı da vəfat etmiş və həmin əmlak tamamilə onun istifadəsində olmuşdur. Həmçinin valideynləri vəfat etdiyi vaxt torpaq islahatı keçirilmədiyi üçün torpaq sahəsinə və fərdi yaşayış evinə ata və anasının mülkiyyət hüququ qeydə alınmamışdır. O, həmin evi öz mülkiyyətinə keçirməklə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina arayışı vermişlər. Ona görə də, məhkəməyə müraciət etmişdir və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X6 görünür ki, X7 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İşdə olan X3 görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə doğulmuşdur. Onun atası qrafasında X7, anası qrafasında X4 göstərilmişdir. İşdə olan X6 görünür ki, X4 xx.xx.1982-ci il tarixdə ölmüşdür. İşdə olan Arxiv Arayışından görünür ki, 1983-1985-ci illərə aid Gədəbəy rayon Novoivanovka kənd 04 saylı təsərrüfütbaşına kitabın 325-ci şəxsi hesabında X7 və X5 qeyd edilmiş, həmçinin onların adına 0,25 ha həyətyanı torpaq sahəsi və 36 kv.m fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, Ərizəçi mərhum atası X2 adına Gədəbəy rayonunun Novoivanovka kəndində sahəsi 0,25 ha olan həyətyanı torpaq sahəsi və üzərində yerləşən sahəsi 36 kvm olan fərdi yaşayış evi olmuşdur. Həmin evdə ərizəçinin mərhum valideynləri yaşamışlar. Ərizəçinin anası X4 xx.xx.1982-ci il tarixdə, atası X7 isə xx.xx.1988-ci il tarixdə vəfat etmişlər. Valideynləri öldükdən sonra, ərizəçi onlardan miras qalmış bütün əmlakı idarə etmişdir. Bundan sonra birinci Qarabağ müharibəsi olmuş və o, müharibəyə getmiş, uzun müddət evi sənədləşdirmək mümkün olmamışdır. Həmçinin ərizəçinin valideynlərinin vəfat etdiyi vaxt torpaq islahatı keçirilmədiyi üçün torpaq sahəsinə və fərdi yaşayış evinə ərizəçinin valideynlərinin mülkiyyət hüququ qeydə alınmamış, lakin onların torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun gözləntisi olmuş, yəni, həmin əmlak ərizəçinin valideynlərinin faktiki mülkiyyətində olmuş və onların ölümündən sonra həmin əmlak miras aktivinə daxil olmuşdur. Ona görə də ərizə təmin edilməli, Ərizəçi mərhum atası X1 miras qalmış Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 0.36 kvm olan fərdi yaşayış evini və sahəsi 0.25 ha olan həyətyanı torpaq sahəsini miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum atası X1 miras qalmış Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən sahəsi 0.36 kvm olan fərdi yaşayış evini və sahəsi 0.25 ha olan həyətyanı torpaq sahəsini miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar