Məhkəmə qərarları › İş №2(042)-272/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-272/2021

28.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-272/2021 28.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, özbaşına sökülərək yarasız hala salınmış dəmir setkanın cavabdehlərin vəsaitləri hesabına bərpa edilməsi və torpaq sahəsinin faktiki sahibliyinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonun Qaradağ kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 15.09.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin yarıdan çox hissəsinin cavabdehlərin zəbtindən azad edilməsi, özbaşına sökülərək yarasız hala salınmış dəmir setkanın cavabdehlərin vəsaitləri hesabına bərpa edilməsi və torpaq sahəsinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdehlər onun qonşusudur. Onların aralarında əvvəllər narazılıq və düşmənçilik olmamışdır. Ata nənəsindən miras qalmış və Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 111.3 kv.m olan fərdi yaşayış evini vərəsəlik qaydasında qeydiyyat nömrəsi ********** olan, 15.09.2020-ci il tarixli AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarış əsasında rəsmiləşdirmişdir. Həmin fərdi yaşayış evində yaşayaraq həyətyanı torpaq sahəsini əkib-becərməyə çalışır. Ancaq buna baxmayaraq cavabdehlər tərəfindən ona məxsus olan torpaq sahəsinin təxminən 0.12 ha hissəsi tutulmuş, dəmir steka sökülərək yarasız hala salınmış, həmin torpaq sahəsində olan meyvə və digər ağaclar kəsilərək məhv edilmişdir. Cavabdehlər həmin torpaq sahəsini qazıb istifadə üçün yararsız hala salmaqla özlərinə məxsus malqaranın keçid yolu və örüşləri kimi istifadə etməklə zəbt etmiş və nəticədə ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Dəfələrlə o cavabdehlərə onun mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsini və sökülmüş dəmir setkanın bərpa ediməsini təklif etsə də heç bir nəticə əldə olunmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, iddiaçı onun qonşusudur. İddiaçı onun torpaq sahəsini zəbt etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X8 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nın Qaradağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli, 12 saylı məktubdan görünür ki, Qaradağ kənd sakinləri Cavabdeh1 və X1 İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadırlar və hal-hazırda Qaradağ kəndində yaşayırlar. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 15.09.2020-ci il tarixdə qeydiyyata alınmış Çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Gədəbəy rayonu, Qaradağ kəndində 111.3 kv.m fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Texniki pasportdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evinə **********76- 10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(042)-751/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavadehlər Cavabdeh1 və X7 qarşı “torpaq sahəsinin ətrafına çəkilmiş metal torun bərpa edilməsi, torpaq sahəsindən gedişgəlişə son quyulması və edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 15.09.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0.25 ha torpaq sahəsinin hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və X8 tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, , İddiaçı Gədəbəy rayonunun Qaradağ kəndində qeydiyyatdadır və yaşayır. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan 15.09.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə olan Gədəbəy rayonu Qaradağ kəndində 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X8 tərəfindən qanunsuz olaraq zəbt edildiyini və cavabdehlər tərəfindən ona məxsus olan dəmir setkanın sökülərək yarasız hala salınmasını iddia etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 15.09.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu Qaradağ kəndində yerləşən 0.25 ha torpaq sahəsinin hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və X8 tərəfindən istifadə edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis rəyi ilə təsdiqini tapmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə həmçinin, iddiaçının iddia tələbinin “cavabdehlər tərəfindən öz başına sökülərək yarasız hala salınmış dəmir setkanın cavabdehlərin hesabına bərpa edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmədə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən tutulması öz təsdiqini tapmadığından və dəmir setkanın cavabdehlər tərəfindən yarasız hala salınması məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə də əsassız sayılaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 311 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, özbaşına sökülərək yarasız hala salınmış dəmir setkanın cavabdehlərin vəsaitləri hesabına bərpa edilməsi və torpaq sahəsinin faktiki sahibliyinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı oğluna aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 311 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar