Məhkəmə qərarları › İş №2(042)-29/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-29/2021

12.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-29/2021 12.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs X2 X1 Xidmət Sahəsinə qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs X2 X1 Xidmət Sahəsinə qarşı Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən keçən hissəsindən Cavabdeh "Düzyurd” şadlıq sarayına keçən qaz xəttinin götürülməsinə və ona dəymiş maddi ziyana görə 5600 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Düzyurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı əsasında kommersiya məqsədi ilə 0,02 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ******* saylı çıxarış almışdır. Torpaq sahəsində o, maye qazdoldurma məntəqəsi açmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 0,50 kv.m sahəsini zəbt edərək daş hasar çəkmişdir. Həmin daş hasarın sökülüb götürülməsi barədə Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinin kənarları boyunca çəkdiyi daş hasarı sökmüş bunun nəticəsində ona məxsus qaz doldurma məntəqəsinin işi dayanmış və həmin hörgünün sökülməsi və yanacaqdoldurma məntəqəsinin dayanması nəticəsində ona beş min manat miqdarında maddi ziyan dəymişdir. O, cavabdehə və maraqlı şəxs X2 X1 Xidmət Sahəsinə dəfələrlə bununla əlaqədar Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən keçən hissəsindən Cavabdeh "Düzyurd” şadlıq sarayına keçən qaz xəttinin götürülməsinə və ona dəymiş maddi ziyana görə 5600 manatın ödənilməsi haqqında müraciət etsə də onun müraciəti cavabsız qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddiaçının iddia tələbləri barədə heç bir sübutu olmadığı üçün təmin edilməməsini xahiş etmişdir. Cavabdeh və maraqlı şəxs X2 X1 Xidmət Sahəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə iştirak etməyən cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayon Düzyurd kəndində 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(042)- 717/2017 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Cavabdeh, İddiaçı Gədəbəy rayonu Düzyurd kəndi ərazisində Gədəbəy rayon Düzyurd Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarına əsasən kommersiya məqsədilə verilmiş 0.02 ha torpaq sahəsinin zəbt etdiyi 22 kv.m hissəsindən çıxarılması və Cavabdeh Midiqət oğlunun zəbt etdiyi torpaq sahəsində qanunsuz tikdiyi daş hasarı öz hesabına sökülməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-cu il tarixli 11/M-175 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən Cavabdeh məxsus “Düzyurd” şadlıq sarayına gedən qaz xətti keçmir. Mövcud qaz xətti İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən 0.70 m kənarda yerləşir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə mütəxəssis cəlb edilmiş, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tədqiqat obyektinə baxış keçirmiş, müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən Cavabdeh məxsus “Düzyurd” şadlıq sarayına gedən qaz xətti keçmir. Mövcud qaz xətti İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən 0.70 m kənarda yerləşir. Yəni, sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən Cavabdeh məxsus "Düzyurd” şadlıq sarayına keçən qaz xəttinin onun torpaq sahəsindən keçməsini sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən ona ziyan vurulması halının da sübut edə bilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 73.20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 73.20 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar