Məhkəmə qərarları › İş №2(042)-31/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-31/2024

09.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-31/2024 09.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy Rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş Gədəbəy rayonu, Alnabat kəndində yerləşən JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 0.45 ha əkin torpaq sahəsinin 0.20 ha hissəsindən Cavabdeh3, 0.18 ha hissəsindən Cavabdeh2 və 0.07 ha hissəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq əkilibbecərilməsi nəticəsində ona əldən çıxmış fayda olaraq dəymiş maddi ziyana görə 7000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, Gədəbəy Rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş Gədəbəy rayonu, Alnabat kəndində yerləşən JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 0.45 ha əkin torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi nəticəsində ona əldən çıxmış fayda olaraq dəymiş maddi ziyana görə 7000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Gədəbəy rayonu, Əli İsmayıl (indiki Alnabat) kəndində 1.24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsinin 0.45 ha hissəsi əkin üçün nəzərdə tutulmuşdur. O, torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.45 ha hissəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi müraciət etmiş və onun müraciət əsasında 0.45 ha torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0.45 ha torpaq sahəsini bütövlükdə qanunsuz olaraq tutmuşlar. O, cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar buna məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Eyni zamanda 1998-ci ildə AİK-nın torpaq sahəsini ayırdığı vaxtdan indiyədək cavabdehlər ona məxsus torpaq sahəsini əkib-becərmiş və ona maddi ziyan vurmuşdur.Cavabdehlər ona məxsus torpaq sahəsində yonca, taxıl məhsulu əkmişlər. Hazırda ona əldən çıxmış fayda şəklində 7000 manat ziyan vururlmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN 0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.24 ha torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, 03 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0.4532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı, X2, X6, X5 və X1 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin 0.459 ha hissəsi Cavabdeh1 və 0.1981 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 100 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Alnabat kəndində yerləşən torpaq sahəsinin 0.459 ha hissəsi Cavabdeh1, 0.1981 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehlərin ona 7000 manat məbləğində ziyan vurması halı sübuta yetirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsinin qanunsuz istifadə etdikləri hissələrindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Alnabat kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 0.459 ha hissəsindən, Cavabdeh2 isə 0.1981 ha hissəsindən çıxarılsınlar. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat xərcin əvəzi müştərək qaydada Cavabdeh1 və X3 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar