Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-314/2021 17.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Marif Sabir oğlu Kazımovun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İvanovna qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Novoivanovka kənd sakini olmuş Cavabdeh İvanovnanın adına Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 0.40 kv.m olan fərdi yaşayış evini 0.25 ha həyətyanı torpaq sahəsinə onunla cavabdeh arasında xx.xx.1992-ci il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edib göstərdi ki, o. xx.xx.1992-ci il tarixdə Novoivanovka kənd sakini olmuş Cavabdeh İvanovnadan 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evini və ona məxsus olan 0.25 ha həyətyanı torpaq sahəsini sadə razılaşma yolu ilə beş milyon üç yüz min rubla almışdır. Cavabdeh İvanovna evi, həyətyanı torpaq sahəsini ona təhvil vermiş, həmin vaxtdan da həmin evə ailəsi ilə birlikdə köçərək yaşamağa başlamış, evi və təsərrüfatı o və ailəsi birlikdə idarə etmişdir. 1990-cı il tarixdə onların Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusya Fedrasiyasının müxtəlif şəhərlərinə getmişlər. Həmin vaxt o da Cavabdeh İvanovna ilə sadə razlaşma yolu ilə sözü gedən evi almış və cavabdeh ona ailəsini aparıb yerləşdirdikdən sonra qaydıb gəlib sənədləri rəsmiləşdirəcəyini bildirmişdir. O, həmin evdə ailəsi ilə birlikdə 1992-ci il tarixdən yaşayırlar. Cavabdeh İvanovnanın həmin evi ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə və bunu təstiq edə bilərlər. Eyni zamanda həmin tarixdə onun Cavabdeh İvanovna ilə arasında bağlanmış akt mövcuddur. Cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Cavabdeh 1993-cü il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da bu mümkün olmamışdır. Cavabdehi tanıyan şəxlər öldüyünü bildirmişlər. Sözü gedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o ailəsi ilə birlikdə istifadə edirlər. Həyətyanı torpaqların vətəndaşların adlarına rəsmiləşdirilməsinə dair yerlərdə islahat aparılan zaman həmin torpaq sahəsinə dair sənədləşmə aparılmamışdır. Onların yaşadıqları kənddə yüzlərlə ev və həyətyanı torpaq sahəsi sənədsiz vətəndaşların istifadəsindədir. O, həmin evi və həyatyanı torpaq sahəsini cavabdeh vəfat etdiyindən öz adına rəsmiləşdirə bilməmişdir. Belə olan halda cavabdeh onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözü gedən fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini cavabdeh ilə 1992-ci ildə sadə razlaşma yolu ilə beş milyon üç yüz min rubla almışdır. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İvanovnaya məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin vəfat etməsi barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, İvanovka kəndində yaşayır. İddiaçı onun qonşusudur. Cavabdeh fərdi yaşayış evini və torpaq sahəsini iddiaçıya satmışdır. Bu barədə qonşuların iştirakı ilə akt tərtib olunmuşdur. Evin və torpaq sahəsinin satılması barədə danışıqlar onların evində olmuş və cavabdehlə iddiaçı razılaşmışdır. X3 məhkəmə iclasında X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 2 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 109 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Gədəbəy rayonu Novoivanovka kəndindı özünə məxsus fərdi yaşayış evindəki Elektrik sayğacı və Qaz sayğacı onun adındadır. İşdə olan ünvan 2 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 114 saylı arayışdan görünür ki, İddiaçı sabiq Novoivanovka kənd sakini Cavabdeh İvanovnaya məxsus olan 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 0.40 kv.m olan fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini 1992-ci il tarixdə sadə razılaşma yolu ilə almışdır. Həmin tarixdən İddiaçı həmin fərdi yaşayış evində yaşamaqla həyətyanı torpaq sahəsindən istifadə edir. İşdə olan sadə yazılı formada tərtib edilmiş aktdan görünür ki, Qasımov X6 rayonu Novoivanovka kənd sakini Cavabdeh İvanovnadan xx xxx 1992-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini beş milyon üç yüz min rubla almışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxiv idarəsi tərəfində xx xxxxxx 2021-ci il tarixdə təsdiq edilmiş 24 nömrəli şəxsi hesabdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində Cavabdeh İvanovnanın adına 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 0.40 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi kolxozçu həyəti olmaqla Cavabdeh İvanovnanın adına qeydə alınmışdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzvlərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüququnu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli evə və torpaq sahəsinə cavabdehin xx xxxxxx 2001-ci il tarixinədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayan Cavabdeh İvanovnaya məxsus 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 40 kv.m fərdi yaşayış evini və ona məxsus olan 0.25 ha həyətyanı torpaq sahəsinin alğı-satqısına dair akt bağlanmış, həmin akta görə cavabdeh həmin evi və torpaq sahələrini beş milyon üç yüz min rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus fərdi yaşayış evini və həyətyanı torpaq sahələrini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı aktı notarial qaydadada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun yayınması mübahisəli evin və torpaq sahəsinin rəsmiləşdirilməsini qeyrimümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının tələbində göstərdiyi və xx.xx.1992ci il tarixdə tərtib edilmiş akta qeyd edilmiş 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 40 kv.m fərdi yaşayış evi iddiaçı tərəfindən sökülmüş və yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən sözügedən fərdi yaşayış evinə münasibətdə Cavabdeh İvanovna ilə onun arasında alğı-satqı müqaviləsinin fərdi yaşayış evi hissəsində bağlanmış hesab edilməsini tələb etmək üçün subyektiv hüquqları yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh İvanovna arasında alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair fərdi yaşayış evinə münasibətdə əsassız olduğundan iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Sözügedən Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh sonuncuya məxsus olan 0.25 ha həyətyanı torpaq sahəsinin alğı satqısı barədə razılaşma olmuş, müqavilənin mühüm şərtləri, yəni predmeti, onun qiyməti barədə razılığa gəlinmiş, qeyd olunan daşınmaz əmlak iddiaçının faktiki sahibliyinə verilmiş, razılaşdırılmış qiymət tam ödənilmiş, lakin alğı-satqısına dair aktın notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir. Bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf aktın notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu akt qanuna zidd deyildir və tərəflər aktın sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki, iddiaçının tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə qeyd olunan hüquq normasını tətbiq ekməklə, belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonun Novoivanovka kəndində yerləşən Cavabdeh İvanovnaya məxsus olan 1930-cu il tarixdə inşa edilmiş ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evininə və 0.25 ha həyətyanı torpaq sahəsininə dair İddiaçı ilə Cavabdeh İvanovna arasında xx xxx 1992-ci il tarixli alğı-satqı əqdi 0.25 ha həyətyanı torpaq sahəsi hissəsində etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-314/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-314/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver