Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-33/2025 30.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN - 236B, KOD 50501004 saylı Şəhadətnaməyə əsasən ona və ailə üzvülərinə məxsus 0.05 ha torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsindən istifadəsinə göstərdiyi qanunsuz müdaxiləyə son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 saylı qərarına əsasən ona və ailə üzvləri X7, X2,X8 və X3 Gədəbəy rayonu, Qumlu kəndində 0.05 ha torpaq sahəsi verilmişdir. Cavabdeh qanunsuz olaraq torpaq sahəsinin 0.02 ha hissəsini zəbt etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin ərazidə yoxdur qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon AİK-nin 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X9, X4, X5, X10 və X1 ümumi birgə mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 28 delkabr 2023-cü il tarixli 2(042)1210/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı əri X6 ilə aralarında olan nikah pozulmuş və o, Verdiyeva soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki İddiaçı və ailə üzvülərinin mülkiyyətində olan 0.5 ha torpaq sahəsi bütünlükdə Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvülərinin mülkiyyətində olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 0.5 ha torpaq sahəsindən çıxarılmalı, cavabdeh tərəfindən həmin torpaq sahəsinə müdaxilələr edilməsinə qadağa qoyulmalı və iş üzrə məhkəmə xərclərinin əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsindən çıxarılsın və ona həmin torpaq sahəsinə qanunsuz müdaxilə etməsi qadağan edilsin. Cavabdeh, cəmi, 195 manat məhkəmə xərcinin əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-33/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-33/2025
30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver