Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-338/2023 22.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ona məxsus olan Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının Gədəbəy rayonu, Arıxdam kəndində 1993-cü ildə tikdiyi fərdi yaşayış evi vardır. Həmin ev iddiaçı və cavabdehin birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində tikilmişdir. Cavabdeh iddiaçının doğma qızıdır. O, 1993-cü ildən həmin evdə yaşamışdır. Cavabdeh 2009-cu ildə ailə qurmuş və həmin vaxtdan ailəsi ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində ərinə məxsus evdə yaşayır. Buna baxmayaraq, cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları iddiaçının evində qeydiyyatdadırlar. Hazırda iddiaçı evə və torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir, lakin cavabdehin və övladlarının evdə qeydiyyata olmaları buna maneələr yaradır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon RİHB-nın Arıxdam Kənd İƏD üzrə Nümaydənliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ələsov X2 rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla yaşayır və onun fərdi yaşayış evi 1993-cü il tikilmişdir. İşdə olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən Gədəbəy rayonu, Arıxdam kənd sakinləri İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə 0.10 ha həyətyanı torpaq verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus ev iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. Cavabdeh 1993-cü ildən həmin evdə yaşamış və onun evdən istifadə hüququ, o cümlədən, gözlənilən mülkiyyət hüququ yaranmışdır. Onun hazırda həmin evdə yaşamaması və evdən faktiki olaraq istifadə etməməsi, onun evə olan hüquqlarına xitam verilməsi üçün əsas ola bilməz. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-338/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-338/2023
22.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver