Məhkəmə qərarları › İş №2(042)-349/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-349/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-349/2021 14.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçılar İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və digər İddiaçı1, X3 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və X3 cavabdehlər Cavabdeh və X7 qarşı “kompensasiya ödənilməklə cavabdehin evdən çıxarılması və həmin evdən onların istifadəsinə cavabdeh tərəfindən ediləcək maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və X10 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Arıqdam kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən, sahəsi 284 kv.m olan fərdi yaşayış evindən Cavabdeh arvadı və uşaqları ilə birlikdə çıxarılmasına və Cavabdeh tərəfindən onların həmin evdən istifadə etməyinə yaradılan maneələr aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçılar məhkəməyə ərizə verərək Gədəbəy rayonu, Arıqdam kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən, sahəsi 284 kv.m olan fərdi yaşayış evindən Cavabdeh arvadı və uşaqları ilə birlikdə 7000 manat kompensasiya verilməklə çıxarılmasına və Cavabdeh tərəfindən onların həmin evdən istifadə etməyinə yaradılan maneələr aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçılar məhkəməyə ərizə verərək iş üzrə X8 da cavabdeh kimi göstərilməsini xahiş etdilər. İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və digər İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçılardan İddiaçı2 həyat yoldaşı, İddiaçı3 oğludur. Eləcə də Cavabdeh onun oğludur. Hal-hazırda onlar Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən bizə məxsus olan sahəsi 284 kv.m olan fərdi yaşayış evində yaşayırlar. Yaşadıqları ev ata yurdudur. Ona görə də evin yerləşdiyi həyətyanı torpaq sahəsi mərhum anası X4 adınadır. Həmin ev və torpaq sahəsi Arqıdam kənd icra nümayəndəliyinin 04 nömrəli təsərrüfatbaşına kitabının 65-ci səhifəsinə əsasən İddiaçı3 adına qeyd edilmiş və təsərrüfat başçısı kimi o qeydiyyata alınmışdır. Cavabdeh evlidir və üç uşağı vardır. İddiaçı3 da qeyri-rəsmi evlidir və iki uşağı vardır. Onlar hamısı həmin evdə yaşayırlar. Onun özünə məxsus olan Arıqdam kəndində yerləşən 1 otaqdan, 10 m uzunluğu olan tövlədən ibarət ikinci evi vardır. Evin qazı, işığı və suyu mövcuddur. Həmin evi cavabdeh olan oğlu Cavabdeh vermişdir. Buna baxmayaraq Cavabdeh onların faktiki yaşadıqları evdən çıxmır və hər gün dava-dalaş salaraq onları yaşadıqları evdən çıxaracağı ilə hədələyir, həmin evin ona məxsus olduğunu bildirərək onların rahat yaşamağına maneələr törədir. Cavabdehə evdən çıxması deyildikdə - “ölsəm də mən bu evdən çıxmayacam, sizi burdan didərgin salacam” demişdir. Artıq Şahinlə birgə yaşamaqları dözülməz hala gəlmişdir. O, bir ata kimi ikinci evini Şahinə vermişdir. Şahin isə o evdə yaşamayaraq onların rahatlığını pozur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X10 məhkəmə iclasında İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və digər İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, qardaşı Arzunun 3 evi vardır. Ona Şəmkirdə ev verildiyi təqdirdə o evdən çıxmağa razıdır. Atasının ona verdiyi evdə yaşaması mümkün deyil. O, 7000 manat məbləğində kompensasiya ilə heç bir şey edə bilməz. Onun 3 azyaşlı uşağı vardır. Ona görə də həmin evdən kompensasiya verilməklə çıxarılmasına razı deyil. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək iddianın əsaslı olduğu qənaətinə gəlir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Arıxdam kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 91 saylı arayışdan görünür ki, İddiaçı3 mərhum nənəsi X4 adına olan HN-366A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan 0.39 ha torpaq sahəsi və ümumi sahəsi 284 kv.m olan fərdi yaşayış evi vardır. İşdə olan Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 88 saylı arayışdan görünür ki, İddiaçı3 Gədəbəy rayonu Arıqdam kəndində 04 nömrəli təsərrüfat başına kitabın 65-ci səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda Arıqdam kəndində yaşayır. Ailə tərkibi özü İddiaçı3, atası İddiaçı1 və X2 ibarətdir. İşdə olan JN-366A KOD 50532018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı Gədəbəy rayonu, Arıxdam kəndində X9 0.39 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması eyni zamanda həmin fərdi yaşayış evinin iddiaçılara məxsus olması, onların hazırki iş üzrə iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsinin aydınlaşdırılmasını zəruri sayır. Məhkəmədə müəyyən edildi ki, JN-366A KOD 50532018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində X9 0.39 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində sahəsi 284 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. Həmin evlə bağlı X4 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onun X9 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, 0.39 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 284 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaka dair X4 mülkiyyətə qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X4 mübahisəli əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X4 mülkiyyəti kimi qiymətləndirilməlidir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi İddiaçı1 anasından miras qalmış əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından İddiaçı1 mərhum X4 ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Onun miras açıldığı vaxtdan həmin fərdi yaşayış evinə mülkiyyət hüququ yaranmışdır. İddiaçı1 iş üzrə digər iddiaçılar olan arvadı İddiaçı2 və oğlu İddiaçı3 ilə həmin fərdi yaşayış evində birlikdə yaşamış və həmin evə istifadə etmək hüququ əldə etmişlər. Odur ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları vardır. Göstərilənlərdən aydın olur ki, iddiaçılar cavabdehlərin mülkiyyətində olan evdənyaşayış sahəsinə kompensasiya verməklə çıxarılmasını və həmin evdən onların istifadəsinə cavabdeh tərəfindən ediləcək maneələrin aradan qaldırılmasını tələb edir. İddia tələbindən aydın olur ki, iddiaçılar cavabdehlərin həmin evdən istifadə hüququnu mübahisəsiz qəbul edir və buna görə də həmin hüquqa kompensasiya ilə xitam verilməsini və evdən çıxarılmalarını təklif edir. Eyni zamanda tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonunun Arıqdam kəndində yerləşməklə 0.39 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 284 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi iddiaçıların faktiki sahibliyindədir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları ilə bağlı mübahisə 2000-ci ilin sentyabrın 1-dən sonra əmələ gəldiyindən həmin hüquq münasibətləri ilə bağlı mübahisəyə mübahisənin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, Cavabdeh mübahisəli fərdi yaşayış evində anadan olub böyümüş, cavabdeh X11 isə həmin evə Cavabdeh arvadı olaraq gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüquqları əldə etmişlər. Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.http://eqanun.az/files/code/data/0/c_c_8.htm Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd olunan qərarda həm də müəyyən edilmişdir ki, yaşayış hüququ əldə etmiş şəxs bu hüququn hansı maddi hüquq normasına əsasən, yəni, 2000-ci ilin sentyabrın 1-dən əvvəl istifadə hüququ ilə bağlı mübahisə yaranmışdırsa, Mənzil Məcəlləsinin 123-cü və ya 2000-ci ilin sentyabrın 1-dən sonra istifadə hüququ ilə bağlı mübahisə yaranmışdırsa, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verməklə həmin hüquqa xitam verilməsi hüququnun gerçəkləşdirilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçıların faktiki sahibliyində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçıların faktiki sahibliyində olan həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Buna görə də mülkiyyətçilər bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evində istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin evdən çıxarılmasını və həmin evdən onların istifadəsinə cavabdeh tərəfindən ediləcək maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarından görünür ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisəli evdən uzun müddət istifadə etmişdir. Cavabdeh kompensasiya məbləğindən asılı olmayaraq fərdi yaşayış evindən çıxmayacağını bildirmişdir. Bu isə onu göstərir ki, cavabdehlər kompensasiya məbləğindən asılı olmayaraq mübahisəli fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini istəmir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olan cavabdehin evdən mülkiyyətçisinin iradəsi ziddinə çıxmaması barədə bildirdikləri izahatlar əsassızdır və heç bir hüquqi əsası olmayan şəxsi mülahizələri olmaqla mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Odur ki, məhkəmə cavabdehlərə verilməsi təklif olunan kompensasiyanın məbləğinin istifadəçinin hüquqlarına xitam verilməsi ilə adekvat və mütənasibliyi ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, 7000 manat kompensasiya məbləği mübahisəli ev üçün ağlabatan məbləğdir. Belə ki, evin yerləşdiyi ərazi üzrə torpaq sahəsinin qiyməti və yaşayış evinin tikilməsi üçün 7000 manat nəzərə alınır. Bu da cavabdehlərin yaşadığı mühit, yer və şəraitə görə davamlı olaraq yaşaması üçün ağlabatan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-ci il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan kompensasiya məbləği mülkiyyətçilərin hüquqlarının və mənafelərin gözlənilməsi, eləcə də yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzilə oxşar şəraitdə davamlı yaşaması üçün kifayət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar xx xxx 2006-cı il tarixli Qərar). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdehlər Cavabdeh və X5 iddiaçıların faktiki sahibliyində olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına 7000 manat kompensasiya verməklə xitam verilməli və onlar, fərdi yaşayış evindən çıxarılmalı, iddiaçıların həmin evdən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, cavabdehlərin və onların uşaqlarının iddiaçıların faktiki sahibliyində olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh, X5 və onların uşaqlarının iddiaçılar İddiaçı1, İddiaçı3 və X3 faktiki sahibliyində olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına 7000 (yeddi min) manat kompensasiya verilməklə xitam verilsin və onlar fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh, X5 və onların uşaqlarının iddiaçılar İddiaçı1, İddiaçı3 və X6 məxsus evə olan istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmaları kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda icra edilsin. Cavabdehlər Cavabdeh, X5 və onların uşaqlarının iddiaçılar İddiaçı1, İddiaçı3 və X3 faktiki sahibliyində olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evindən istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Dövlət rüsumu olaraq ödənilmiş 10 manat cavabdehlərdən alınaraq iddiaçılara qaytarılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar