Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-349/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin və yetkinlik yaşına çatmayan uşaqlarının fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, onlara məxsus olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - X7, X8 və X4 ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh onların qızıdır. Gədəbəy rayonu, Söyüdlü kəndində özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Evi 1970-ci illərdə öz şəxsi vəsaitləri hesabına tikdirmişlər. Yaşayış evi zirzəmili olmaqla 2 otaqdan və 1 şüşəbənddən ibarətdir, həyətyanı torpaq sahəsi isə 0.10 ha-dır. Qızı Cavabdeh 2006-cı ildə Söyüdlü kənd sakini X5 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, həmin ailədən onların indiyədək üç övladı olmuşdur (1. X7 - d/t: xx.xx.2007; 2. X8 - d/t: xx.xx.2010; 3. X4 - d/t: xx.xx.2016). Yusifova X1 Şöhrət Fərrux oğlu ilə qeyri-rəsmi ailə qurduğu vaxtdan indiyədək onun evində yaşamamışdır. Cavabdeh və Ş.Məmmədov ailə qurduqdan sonra bir müddət Bakı şəhərində kirayədə yaşamışlar, sonradan isə Bakı şəhəri Qobu qəsəbəsində özlərinə ev tikmişlər. Həmin evin tikilməsinə onlar da valideyn olaraq maddi köməklik etmişdir. Hal-hazırda da Rəsmiyyə onların evlərində yaşamır. Buna baxmayaraq o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə formal olaraq onların təsərrüfatlarında qeydiyyatda qalmışdır (bu barədə Söyüdlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cii il tarixli arayışı ərizəsinə əlavə edir). Halbuki Cavabdeh 17 ildən çoxdur ki, onların evində yaşamır. Hal-hazırda onları evlərini və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Lakin qızı Cavabdeh evlərində formal qeydiyyatda qalması, bu məsələnin həlli üçün onlara maneələr yaradır. Ona görə də Cavabdeh azyaşlı uşaqları ilə birlikdə onlara məxsus olan fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsini istəyirlər. Göründüyü kimi, Cavabdeh onların evlərində yaşamağa ehtiyacı yoxdur, yaşayış sahəsinə olan ehtiyacını həmin evdən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Bu da onu göstərir ki, Cavabdeh və onun azyaşlı uşaqlarının həmin evdə qeydiyyatı formal olaraq qalmışdır. Bu isə onların həmin evə mübasibətdə mülkiyyət hüquqlarını həyata keçirilməsində maneə yaradır. Cavabdeh 17 ildən artıq müddətdir ki, onlara məxsus olan evdən istifadə etmir. Belə olan halda Cavabdeh həmin evdən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün hüquqi əsaslar yaranmışdır. Odur ki, onlara məxsus olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsini istəyirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə razılıq ərizəsi vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1 -ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək iddianın əsaslı olduğu qənaətinə gəlir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 49 saylı arayışdan görünür ki, İddiaçı2 RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 05 nömrəli ev təsərrüfatılarının uçotu kitabının 03-cü səhifəsinə, 387 nömrəli şəxsi hesabına əsasən qeyd edilən ailə tərkibi var.. özü xx.xx.1952-ci il təvəllüdlü İddiaçı2, əri xx.xx.1950ci il təvəllüdlü X12, qızı xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh, nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X4, nəvəsi xx.xx.2007-ci il təvəllüdlü X7, nəvəsi xx.xx.2010-cu il təvəllüdlü X10. İşdə olan Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 48 saylı arayışdan görünür ki, İddiaçı2 RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 05 nömrəli ev təsərrüfatılarının uçotu kitabının 03-cü səhifəsinə, 387 nömrəli şəxsi hesabına əsasən qeyd edilmiş və hazırda Söyüdlü kəndində yaşayır. İşdə olan JN-455D KOD 50500048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə X9, İddiaçı2, Cavabdeh və X3 mülkiyyətinə Gədəbəy rayonu, Söyüdlü kəndində 0.10 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması eyni zamanda həmin fərdi yaşayış evinin iddiaçılara məxsus olması, onların hazırki iş üzrə iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsinin aydınlaşdırılmasını zəruri sayır. Məhkəmədə müəyyən edildi ki, JN-455D KOD 50500048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə X9, İddiaçı2, Cavabdeh və X3 mülkiyyətinə Gədəbəy rayonu, Söyüdlü kəndində 0.10 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində sahəsi fərdi yaşayış evi inşa edilmişdir. Həmin evlə bağlı İddiaçı1 və İddiaçı2 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onun İddiaçı1 və İddiaçı2 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi fərdi yaşayış evindən ibarət əmlaka dair İddiaçı1 və İddiaçı2 mülkiyyətə qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum İddiaçı1 və İddiaçı2 mübahisəli əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyəti kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları vardır. Eləcə də, məhkəmə cavabdehin sözügedən fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması və iddiaçıların cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsin tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qızıdır. Cavabdeh xx.xx.1978-ci il tarixdə doğulmuş və Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən sözügedən fərdi yaşayış evində böyümüş və yaşamışdır. İddia tələbindən aydın olur ki, iddiaçılar cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsini tələb etməklə, həmin evdən istifadə hüququnun olmasını mübahisəsiz qəbul edir. Odur ki, işin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, Cavabdeh mübahisəli fərdi yaşayış evində anadan olub böyümüş və mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüquqları əldə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh 2006-cı il tarixdə X5 ilə ailə qurmuş və həmin tarixdən sonuncunun yaşadığı evə köçərək orada yaşamağa başlamışdır. Hazırda Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan mübahisəli fərdi yaşayış evində yaşamır və uzun müddətdir ki həmin fərdi yaşayış evində yaşamamışdır. Odur ki, Cavabdeh və övladları hazırda başqa ünvanda yaşamaqla sözügedən fərdi yaşayış evindən yaşayış ehtiyacı qalmamışdır. Cavabdeh və övladları formal olaraq həmin evdə qeydiyyatda qalmışdır. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçıların faktiki sahibliyində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçıların faktiki sahibliyində olan həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də məhkəmə iddiaçıların cavabdehin və övladlarının istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbini əsaslı hesab edir. Mövcud qanunvericiliyə əsasən, fərdi yaşayış evindən istifadə hüququ olan şəxsin istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, məhkəmə qaydasında istifadə hüququna xitam verildikdə şəxsin yaşayış yerinə olan ehtiyacının qarşılanması üçün müvafiq kompensasiya ödənilir. Məhkəmə qeyd edir ki, cavabdehin və övladlarının hazırda sözügedən fərdi yaşayış evində yaşamadığından və başqa yaşayış sahəsi olduğundan onların yaşayış sahəsinə ehtiyacının qaşılanması üçün kompensasiya ödənilməsinə zərurət qalmamışdır. Odur ki, cavabdehin və yetkinlik yaşına çatmamş övladlarının sözügedən fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları - X7, X8 və X4 ilə birlikdə istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları - X7, X8 və X4 ilə birlikdə istifadə hüquqlarına xitam verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Cavabdeh 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə verə bilərlər. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-349/2024
Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-349/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver