Məhkəmə qərarları › İş №2(042)-35/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-35/2021

12.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-35/2021 12.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş sahədə tikililərin cavabdehin hesabına sökülüb boşaldılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt edilmiş və mülkiyyət hüququ əsasında oğlu X2 məxsus olan, ünvan 1a-da yerləşən sahəsi 0,2240 ha olan torpaq sahəsinin uzunluğu 22,5 metr, eni 1,5 metr ölçüdə olan hissəsinin boşaldılması, qanunsuz çəkilmiş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin zəbt edilmiş torpaq sahəsinin istifadəsinə qaytarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri,20 yanvar küçəsi,ev 30a-da yerləşən 0,2240 ha torpaq sahəsi və onun üzərində yerləşən 86,2 kv.m. olan fərdi yaşayış evi üzərində oğlu X1 mülkiyyət hüquqları xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmış və onun adına ******* nömrəli RX seriyalı çıxarış verilmişdir. Lakin cavabdeh oğluna qanuni əsaslarla ayrılmış torpaq sahəsinin bir hissəsini (uzunu 22,5 m. x eni l,5m. ölçüdə) zəbt etməklə hasara almış, zəbt etdiyi ərazidə olan alma ağacını kökündən çıxarmış və digər ağacların budaqlarını kəsmişdir. O, 2018-ci ildən hazırki tarixədək cavabdehdən zəbt etdiyi torpaq sahəsini qaytarmasını tələb etmiş, bu qanunsuzluq barədə bir sıra dövlət orqanlarına orqanlarına müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinə əsasən işə iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 A ünvanında yerləşən ümumi yaşayış sahəsi 86.2 kv.m olan, 0.2240 ha torpaq sahəsi Qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlak X2 məxsusdur. İşdə olan mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı çıxarış əsasında X2 məxsus həyətyanı torpaq sahəsinin 29 kv.m, 2 kv.m və 5 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, iş üzrə rəy verilməsi üçün mütəxəssis cəlb edilmiş, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tədqiqat obyektinə baxış keçirmiş, müəyyən edilmişdir ki, Seriya RX ******* saylı çıxarış əsasında X2 məxsus həyətyanı torpaq sahəsinin 29 kv.m, 2 kv.m və 5 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə iddia tələbinin tikilinin sökülməsi hissəsinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, cavabdehin tikdiyi hasar X1 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin hasar mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. Ona görə də, iddia tələbləri təmin edilməli, mülkiyyət hüququ əsasında X2 məxsus olan, ünvan 1a ünvanında yerləşən torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılmalı və qanunsuz çəkilmiş hasar Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 434.03 manat təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Mülkiyyət hüququ əsasında X2 məxsus olan, ünvan 1a-da yerləşən torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılsın və qanunsuz çəkilmiş hasar Cavabdeh öz vəsaiti hesabına sökülsün. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 434.03 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar