Məhkəmə qərarları › İş №2(042)-359/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-359/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-359/2025 18.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə verərək, 1932-ci il tarixdə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 ona münasibətdə (anası olması) qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 onun doğma anasıdır. Mərhum anası 1932-ci il tarixdə Gərgər kəndində anadan olmuş, lakin anasının valideyinləri anasına doğum haqqında şəhadətnamə almamışlar. Anasının doğum şəhadətnaməsinin olub-olmamasından xəbəri olmamışdır. X2 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Anası mərhum babası İsmayıl Sarıyevin yeganə vərəsəsi olmaqla babasına məxsus mülkdə yaşamışlar. Həmin ev və həyətyanı torpaq sahəsi mərhum anasının adına olmuşdur. O, anasından miras qalmış evi və həyətyanı torpaq sahəsini adına vərəsəlik qaydasında rəsimləşdirmək istəmişlər. O, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Gədəbəy rayon Notarat ofisinə müraciət edən zaman notariat ofisindən onun mərhum X1 doğum şəhadətnaməsi tələb edilmişdir. Həmin vaxt bilmişdir ki, mərhum X1 doğum şəhadətnaməsi olmamışdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, onun müraciəti əsasında X1 ilkin doğum haqqında akt qeydi aşkar olunmaması barədə xx.xx.2024-cü il tarixdə arayış vermişdir. X1 ona münasibətdə (anası olması) qohumluq münasibətində olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 ona münasibətdə (anası olması) qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir.

II. Tərəflərin mövqeləri və şahid ifadələri:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. X3 və X8 məhkəmə iclasında ifadələrində X4 Ərizəçi anası olmasını təsdiq etdilər.

5. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, anası qrafasında Əliyeva (Sarıyeva) Səltənət İsmayıl qızı qeyd edilmişdir. - evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 və Əliyeva (Sarıyeva) Səltənət İsmayıl qızı nikahlarını 02 may 1959-cu il tarixdə bağlamışlar. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1930cu ildə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş X4 doğumu haqqında Gədəbəy rayonu, Gərgər kənd İƏD-si üzrə 1943-1946-cı illər üzrə yoxlama aparılmış və ilkin doğum haqqında akt qeydi aşkar olunmamışdır. - ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüşdür.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

10. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr - ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

12. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X5 Ərizəçi anasıdır. Bu hal ərizəçinin izahatı, şahid ifadələri və iş materialları ilə təsdiqini tapır. Ərizəçi mərhumun X4 birinci növbə vərəsəsidir. Mərhumun doğum haqqında şəhadətnaməsi olmadığından, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. X5 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, 1932-ci il tarixdə anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmiş X4 xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi anası olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. V. Nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 1932-ci il tarixdə anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmiş Əliyeva (Sarıyeva) Səltənət İsmayıl qızının xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi anası olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar