Məhkəmə qərarları › İş №2(042)-368/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-368/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-368/2022 08.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh Fəzayıl oğlunun və nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh Fəzayıl oğluna qarşı evə köçürülmə tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Fəzayıl oğluna qarşı azyaşlı xx.xx.2003-cü il tarixdə doğulmuş X9, xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X10 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Cavabdeh Fəzil oğluna məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 2002-ci ildə Cavabdeh Fəzayıl oğlu ilə ailə qurmuş və Cavabdeh Fəzil oğluna məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikahlarını 2006-cı ildə bağlamışlar. Birgə nikahdan üç övladları doğulmuşdur. Hazırda münasibətləri pozulmuşdur və onlar faktiki olaraq ayrılmışlar. Cavabdehlə aralarında olan nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onun yaşamağa evi yoxdur və kirayədə yaşamaq məcburiyyətindədir. Bunun üçün isə kifayət qədər maddi imkanları yoxdur. Halbuki 20 ildən artıq bir müddətdə cavabdehə məxsus evdə yaşamış, onunla birgə təsərrüfat aparmış, evin, təsərrüfatın saxlanması və yaxşılaşdırılmalarında öz əməyi və vəsaitləri ilə iştirak etmişdir. Həmçinin Şəmkir rayonunda torpaq sahəsi almış və bələdiyyə sənədi əsasında fərdi yaşayış evi tikdirmişlər. Həmin evin tikintisi başa çatmayıb, hazır deyil və yaşayış yoxdur. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh Fəzayıl oğlu iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə həqiqətən 2002-ci ildə ailə qurmuşdur. İddiaçı ona məxsus olan evə gəlin köçmüşdür. Nikahlarını 2006-cı ildə bağlamışlar. Birgə nikahlarından üç övladları doğulmuşdur. İddiaçı son vaxtlara qədər həmin evdə yaşamışdır. Lakin tez-tez aralarında ailə mübahisələri baş vermiş, iddiaçı evdən küsüb getmiş, bir neçə ay valideylərinin evində qalmışdır. Aralarında münasibətləri çox gərgindir. Əgər iddiaçı ona məxsus evə gəlin köçərsə mübahisələri çoxalacaqdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahat verərək, bildirmişdir ki, cavabdeh onun oğludur. İddiaçı onun gəlini olmuş və həqiqətən 2002-ci il tarixdə cavabdehlə ailə qurmuşdur. Cavabdeh Fəzayıl oğlu ilə birlikdə ona məxsus fərdi yaşayış evinə gəlin köçmüşlər. Hazırda iddiaçının köçmək istədiyi ev cavabdehə yox ona məxsusdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh Fəzayıl oğlu arasında olan nikah pozulmuşdur. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X9, xx.xx.2005-ci il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X10 doğulmuşdur. İşdə olan Arxiv Arayışından görünür ki, Əliyeva X2 Rayon Arıqıran Kənd İƏD üzrə Nümayəndəliyinin 2011-2015-ci illərə dair 4 nömrəli Təsərrüfatbaşına kitabın 340-cı şəxsi hesablı təsərrüfatda qeydiyyatda olmaqla X3, X9, X7 və Cavabdeh Fəzayıl oğlu ilə eyni təsərrüfatda qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Cavabdeh Fəzayıl oğlu ilə 2002-cü ildə ailə qurmuş,2006-cı ildə nikah bağlamış və cehiz əmlakı ilə birlikdə Cavabdeh Fəzayıl oğluna məxsus Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Beləliklə, iddiaçı 2002-ci ildə Cavabdeh Fəzayıl oğlu ilə ailə qurmuş və ailə üzvi kimi, Cavabdeh Fəzayıl oğluna məxsus evə köçmüşdür. Həmin vaxtdan, yəni, 20 ildən artıq bir müddət ərzində o, heç bir qeyd-şərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Bu müddət ərzində iddiaçının cavabdehlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusundan asılı olmayaraq, onun evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Məhkəmə iddia tələbini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, xx.xx.2003cü il tarixdə doğulmuş X9 azyaşlı olmadığı üçün iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Yəni, X9 yetkinlik yaşına çatmış, məhkəmədə və digər dövlət orqanlarında öz hüquqlarını müdafiə etmək imkanı əldə etmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X10 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Cavabdeh Fəzil oğluna məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X10 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Cavabdeh Fəzil oğluna məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar