Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-37/2025 05.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi (açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : I. İşin mahiyyəti
1. İddiaçı Abbasov X3 Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən JN-35 KOD 50529018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona məxsus olan 0.44 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 2614.78 kvm hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonunun Çobankənd kəndində 0.44 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-35 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsinin 2614.78 kvm hissəsi əkin üçün nəzərdə tutulmuşdur. O, həmin əkin sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət əsasında torpaq sahəsinin döngə nöqtələri yerində ölçülmüş və ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərilən 2614.78 kv.m torpaq sahəsini qanunsuz olaraq tam şəkildə tutmuşlar. O, cavabehlərdən torpaq sahəsindən çıxmalarıını tələb etsə də, cavabdehlər tələblərə məhəl qoymamış və qanunsuz istifadəni davam etdirmişlər. Bu halları nəzərə alaraq, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. İşdə olan JN-35 KOD 50529018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsidiq edilmiş surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Çobankənd kəndində 0.44 ha torpaq sahəsi verilmişdir.
9. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən JN-35 KOD 50529018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı sənədi əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan 0.44 ha torpaq sahəsinin 0.18 ha (X1 X2) 1367 kvm hissəsi Cavabdeh1 və 154 kv.m hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur.
10. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Gədəbəy Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən, JN-35 KOD 50529018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı sənədi əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan 0.44 ha torpaq sahəsinin 1367 kvm hissəsi Cavabdeh1 və 154 kvm hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. 11.İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsin əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan, Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən torpaq sahəsinin 1367 kvm hissəsi Cavabdeh1, 154 kvm hissəsi isə Cavabdeh2 tərəfindən qanunsuz olaraq istifadə edilir. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı və onun ailə üzvülərinə məxsus olan Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən 0.40 ha torpaq sahəsinin 1367kvm hissəsindən Cavabdeh1 və 154 kvm hissəsindən isə Cavabdeh2 çıxarılmalıdır.
V. Nəticə:
17. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq,
qət etdi :
İddia tələbi təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş, JN-35 KOD 50529018 saylı Torpağa Mülkiyyət Hüququna X4 əsasən İddiaçı və ailə üzvülərinə məxsus olan Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən 0.40 ha torpaq sahəsinin 1367 kvm hissəsindən Cavabdeh1 və 154 kvm hissəsindən isə Cavabdeh2 çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat mütəxəssis xərcinin əvəzi Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Fizuli Mirzəquliyev