Məhkəmə qərarları › İş №2(042)-38/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-38/2022

04.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-38/2022 04.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İsak qızına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İsak qızına qarşı DƏDRX-nin 11 Saylı Ərazi İdarəsi tərəfindən RX N-1238856 saylı çıxarış əsasında mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən Cavabdeh İsak qızının çıxarılması və torpaq sahəsinə tökülmüş daşın götürülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Novosaratovka Kənd Bələdiyyəsinə müraciəti əsasında iddiaçıya 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq şahısı üzərində mülkiyyət hüquqları əldə etmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinə daş tökdürmüş və onu zəbt etmişdir. İddiaçı dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdeh torpaq sahəsindən çıxmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İsak qızı məhkəmənin 08.06.2021-ci il tarixdə keçirilmiş iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həmin torpaq sahəsi Gədəbəy Rayon Novosaratovka Kənd Bələdiyyəsinə müraciəti əsasında ona verilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Cavabdeh İsak qızına sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh İsak qızına məxsusdur. İşdə olan 11/M-215 saylı, 29.12.2021-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.12 ha torpaq sahəsi ilə Cavabdeh İsak qızının istifadəsi kimi təqdim etdiyi 0.1331 ha torpaq sahəsinin 0.0266 ha hissəsi üst-üstə düşür. İş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmiş, həmin yerdə tikinti işləri aparılmış və oraya əhəng daşları tökülmüşdür. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsinə görə 316 manat "xxxx" MMC-nin hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdeh isə sonuncu məhkəmə iclasına gəlməmişdir. İş üzrə verilmiş mütəxəssis baxışı ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.12 ha torpaq sahəsi ilə Cavabdeh İsak qızının istifadəsi kimi təqdim etdiyi 0.1331 ha torpaq sahəsinin 0.0266 ha hissəsi üst-üstə düşür. İş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmiş, həmin yerdə tikinti işləri aparılmış və oraya əhəng daşları tökülmüşdür. Yəni, Cavabdeh İsak qızı İddiaçı məxsus torpaq sahəsini zəbt etmiş və ondan istifadə edir. Ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh İsak qızı İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 0.0266 ha hissəsindən çıxarılmalı, torpaq sahəsinə tökdüyü daş götürülməlidir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödənilmiş, eləcə də mütəxəssis rəyinin verilməsi üçün 316 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh İsak qızı İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 0.0266 ha hissəsindən çıxarılsın. Cavabdeh İsak qızının İddiaçı məxsus torpaq sahəsinə tökdüyü daş götürülsün. Ödənilmiş 10 manat dövlət rüsumunun və rəy verilməsi üçün ödənilmiş 316 manat xərcin əvəzi Cavabdeh İsak qızından alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar