Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-4/2020 15.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, x8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x1 qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərin torpaq sahəsindən çıxarılması və 9421 manat məbləğində pulun (əldən çıxmış faydanın) alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, dövlət aktı ilə ona məxsus olan Poladlı ərazisində yerləşən torpağının Böyük Qaramurad kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və x2 tərəfindən zəbt edilmişdir. Cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt etməklə cəmi 9421 manat məbləğində (əldən çıxmış fayda) ziyan vurmuşdur. Bununla bağlı Gədəbəy rayonu x7 12 sentyabr 2017-ci il tarixli məktubunu ərizəsinə əlavə etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsini tutmamışdır. Mübahisəli ərazidə hər kəsin pay torpağı vardır. O, öz torpaq sahəsini istifadə edir. İddiaçı isə torpaq sahəsini istifadə etmir. Onun iddiaçıya ziyan vurması ilə bağlı iddiaçının əlində heç bir sübut yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və x1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.04.2017-ci il tarixli, 110 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Poladlı kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan JN-0077 KOD 50523018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon x3 03 yanvar 2000-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Poladlı kəndində 0.42 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 16 aprel 2017-ci il tarixli Poladlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, Poladlı kənd sakini İddiaçı JN-0077 kod 50523018 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktları ilə ona və ailə üzvlərinə verilmiş pay torpağının 0.74 ha torpaq sahəsini islahatı gedən tarixdən hal-hazırki tarixədək Böyük Qaramurad kənd sakinləri Cavabdeh2 0.20 ha biçənək sahəsini, Cavabdeh1 və x2 0.54 əkin sahəsini qanunsuz zəbt edərək istifadə edirlər. İşdə olan Gədəbəy rayonu x7 12 sentyabr 2017-ci il tarixli 98 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla 3-cü dərəcəli keyfiyyət qrupuna aiddir. Cədvəl statistik məlumatlar arasında tərtib olunmuşdur. Cədvələ əsasən göstərilən dövr ərzində 0.30 ha kartof sahəsindən 9235 manat, biçənək sahəsindən 186 manat cəmi 9421 manat məhsul satışından gəlir əldə etmək olardı. Həmin gəlirdən məhsulun istehsalına çəkilən xərclər çıxılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29 noyabr 2019-ci il tarixli və 25.10.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən mübahisələndirilən ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirmə aparılarkən ortofoto və kəndin kompleks yerquruluşu xəritəsi faylları və faktiki vəziyyət arasında uyğunsuzluqlar aşkar edildiyindən məsələ ilə bağlı rəy vermək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli, 1109 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Tovuz LTİ-nin mütəsəssis rəyinə əsasən, mübahisəiəndirilən ərazilərdə lazımi ölçülər götürülmüş və kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən ortofoto və kəndin kompleks yerquruluşu xəritəsi faylları ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Bu səbəbdən Gədəbəy rayon x4 03 yanvar 2000-ci il tarixli qərarı ilə, “Torpağa Mülkiyyət Hüququna dair” JN-0077 KOD 50523018 saylı Dövlət Aktı əsasında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0,42 ha torpaq sahəsinin sərhədlərini və cavabdehlər Cavabdeh1, x2 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tutulub-tutulmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə iddiaçının izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon x3 03 yanvar 2000-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Poladlı kəndində 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirmə aparılarkən ortofoto və kəndin kompleks yerquruluşu xəritəsi faylları və faktiki vəziyyət arasında uyğunsuzluqlar aşkar edildiyindən məsələ ilə bağlı rəy vermək mümkün olmamışdır. Eləcə də iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəiəndirilən ərazilərdə lazımi ölçülər götürülmüş və kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən ortofoto və kəndin kompleks yerquruluşu xəritəsi faylları ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Bu səbəbdən Gədəbəy rayon x4 03 yanvar 2000-ci il tarixli qərarı ilə, “Torpağa Mülkiyyət Hüququna dair” JN-0077 KOD 50523018 saylı Dövlət Aktı əsasında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0,42 ha torpaq sahəsinin sərhədlərini və cavabdehlər Cavabdeh1, x2 və Cavabdeh2 tərəfindənqanunsuz olaraq tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini sübuta yetirmək üçün təqdim etdiyi Poladlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2017-ci il tarixli akta münasibət bildirərək qeyd edir ki, mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən tutulması mübahisəli ərazidə lazımi ölçülər aparmış mütəxəssis və ekspert tərəfindən verilmiş rəylərlə öz təsdiqini tapmır. Poladlı İƏD üzrə nümayəndəliyi həmin aktı tərtib edərkən iddiaçıya məxsus torpaq sahəsinin tutulması qənaətinə gələrkən heç bir ölçmə cihazından istifadə etməmiş və xüsusi biliklərə əsaslanmamışdır. Ona görə də məhkəmə həmin aktı iddianın həlli üçün mötəbər sübut hesab etmir. Məhkəmə həmçinin, iddiaçının iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmədə iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunması öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə də əsassız sayılaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş və məhkəmə ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 186.34 manat, ekspertizanın keçirilməsi üçün xərc isə 100 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc və keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x1 qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 172.50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-4/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-4/2020
15.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver