Məhkəmə qərarları › İş №2(042)-40/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-40/2025

24.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-40/2025 24.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı 02 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu ərazisində olan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbi barədə” mülki iş (açar sözlər: meşə fondu ərazisində olan tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı 02 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı 02 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu ərazisində olan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı 02 saylı X2 Mərkəzi məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən qanunsuz olaraq 2 saylı RMTM-nin Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının 24 saylı kvartalında quraşdırmış olduğu tikililərin sökülməsinə və həmin torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2 saylı RMTM-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə meşələrin qorunub mühafizə olunması, meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə əlaqədar Mərkəzin Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının 24 saylı kvartalında təbii adı “Şahzadə” bulağı adlanan ərazisində yoxlama apaılrmışdır. Yoxlama zamanı Gədəbəy rayon Qoşabulaq kənd sakini X1 lazımı icazə olmadan özbaşına olaraq 1.00 ha ərazidə yerləşən 1 ədəd 8.0x5.0 m ölçüdə mətbəx, 2 ədəd 5.0x3.0 m ölçüdə söhbətgah və 1 ədəd 4.0x3.0 m ölçüdə söhbətgah quraşdırılması faktı müəyyən edilmişdi. Bu barədə 57324 nömrəli akt tərtib edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı 02 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını uyğun hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan: - 02 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 57324 nömrəli aktdan görünür ki, Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının 24 saylı kvartalında təbii adı “Şahzadə” bulağı adlanan ərazisində Gədəbəy rayon Qoşabulaq kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq 1.00 ha ərazidə yerləşən 1 ədəd 8.0x5.0 m ölçüdə mətbəx, 2 ədəd 5.0x3.0 m ölçüdə söhbətgah və 1 ədəd 4.0x3.0 m ölçüdə söhbətgah quraşdırması müəyyən edilmişdir. - foto şəkillərdən görünür ki, həmin şəkillərdə sözgedən tikililər əks olunmuş və cavabdeh həmin tikililərin ona məxsusluğunu mübahisələndirməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 02 saylı X2 Mərkəzi tərəfindən Cavabdeh tikinti inşa etdiyi iddia edilən torpaq sahəsi meşə fondu torpaq sahəsindədir və tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi 2 saylı X2 Mərkəzinin mühafizə ərazisinə aiddir.

8. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

10. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

11. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: - 36-cı maddəsinə əsasən, meşələrin vəziyyətinə və bərpasına təsir edən, habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. - 37-ci maddəsinə əsasən, meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan tikinti işlərinin aparılması bu Məcəllənin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, dağ-mədən işlərinin aparılması isə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

12. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı, tikintilər inşa edilməli (quraşdırılmalı) və həmin sahiblik qanunsuz olmalıdır.

13. Məhkəmədə iclasında müəyyən edildi ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, 02 saylı X2 Mərkəzi tərəfindən Cavabdeh tkiniti inşa etdiyi iddia edilən torpaq sahəsi meşə fondu torpaq sahəsindədir və tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi 2 saylı X2 Mərkəzinin mühafizə ərazisinə aiddir.

14. Göründüyü kimi, sözügedən torpaq sahəsinin meşə fondu torpaq sahəsi olmaqla dövlət mülkiyyətində olduğu və iddiaçı 2 saylı X2 Mərkəzinin mühafizə ərazisi olduğu və həmin torpaq sahəsinin Yanıxlı meşəbəyliyinin 47 saylı dolayısının 24 saylı kvartalında Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi və tikililər (qurğular) quraşdırılması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır.

15. Eləcə də, Cavabdeh sözgedən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi.

16. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən 02 saylı X2 Mərkəzinin Yanıxlı meşəbəyliyinin 47 saylı dolayısının 24 saylı kvartalında quraşdırılmış tikililər (qurğular) Cavabdeh hesabına sökülməli və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu və həmçinin işə baxılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin bank hesabına 02 saylı X2 Mərkəzi tərəfindən 95 (doxsan beş) manat məbləğində xidmət haqqı ödənilmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “X3 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

22. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.

23. MPM-nin 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

24. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətləndirilməyən iddia olduğundan, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir və həmçinin iş üzrə keçirilmiş mütəxəsis rəyinin dəyəri olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınaraq 02 saylı X2 Mərkəzi büdcəsinə köçürülməlidir.

25. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş mütəxəssis xərci və müəyyən edilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir.

V. Nəticə:

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən 02 saylı X2 Mərkəzinin Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının 24 saylı kvartalında quraşdırmış olduğu tikililər (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh hesabına (qurğular) sökülsün və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İş üzrə keçirilmiş mütəxəsis rəyinin dəyəri olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınaraq 02 saylı X2 Mərkəzi büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar