Məhkəmə qərarları › İş №2(042)-425/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-425/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-425/2025 02.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novosaratovka kənd sakinləri olmuş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və X13 adına Gədəbəy rayon X3 xx.xx.1999-cu il tarixli 09 nömrəli qərarı və JN: 099 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 3,18 ha kənd təsərrüfatı təyinatlı (əkin və biçənək) torpaq sahəsinə onunla cavabdehlər arasında xx.xx.1999-cu il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı il tarixdə Novosaratovka kənd sakinləri olmuş Cavabdeh1 məxsus olan fərdi yaşayış evini, ona və onun ailə üzvülərinə Gədəbəy rayon X3 xx.xx.1999-cu il tarixli 09 nömrəli qərarı və JN: 099 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 3,18 ha kənd təsərrüfatı təyinatlı torpaq (əkin və biçənək) sahəsini xx.xx.1996-cı il tarixdə sadə razlaşma yolu ilə hər birinə ümumilikdə 32.000 min rubla almışdır. Evə dair olan hissəni Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-848/22 saylı qətnaməsinə əsasən Cavabdeh1lə aralarında xx.xx.1996-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə dair iddiası təmin olunmuş, həmin qətnamə əsasında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Lakin, cavabdehlərdən almış olduğu “Dövlət Aktı” əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair məhkəməyə vermiş olduğu iddia ərizəsində qeyd etməmişdir. Cavabdehlərdən almış olduğu pay torpaq sahələrindən normal şəkildə istifadə edir. Lakin, həmin torpaq sahəsini adına rəsimləşdirməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, X15 Gədəbəy rayon X3 xx.xx.1999-cu il tarixli 09 nömrəli qərarı və JN: 099 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 3,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsini bağlanmış hesab edilərsə o halda həmin “Dövlət Aktı” əsasında ona DƏDRXnin 11 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi mümkün olar. Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusya Federasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt o da cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5, X8 sadə razlaşma yolu ilə sözü gedən evi və torpaq sahəsini almışdır. Cavabdehlər ona Rusiya Federasiyasının Stavropol şəhərində olan qohumlarının yanına getdiklərini, orada məskunlaşdıqdan sonra qayıdıb gələcəklərini və lazımı sənədləri rəsimləşdirəcəklərini bildirmişlər. O, həmin evdə ailəsi ilə birlikdə 1996-cı il tarixdən yaşayırlar. Cavabdehlərin sözü gedən evi və torpaq sahəsini ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə və bunu təsdiq edə bilərlər. Eyni zamanda həmin tarixdə onun cavabdehlərlə aralarında bağlanmış akt mövcuddur. Cavabdehlərdən dəfələrlə həmin fərdi yaşayış evini və pay torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Belə ki, cavabdehlər 1999-cu il tarixdən Rusiya Federasiyasına getmişlər və bir daha qayıtmamışlar. O, müxtəlif şəxslərlə cavabdehlərin yerini öyrənməyə çalışsa da bu mümkün olmamışdır. Cavabdehləri tanıyan şəxlərdən hansı ünvanda yaşamalarını bilən olmamışdır. Sözügedən torpaq sahəsi halhazırda onun istifadəsindədir. Həmin vaxtdan həmin torpaq sahəsindən o ailəsi ilə birlikdə istifadə edir. O, həmin torpaq sahəsini cavabdehlərin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Belə olan halda cavabdehlər onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözügedən Gədəbəy rayon X3 xx.xx.1999-cu il tarixli 09 nömrəli qərarı və JN: 099 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 3.18 ha kənd təsərrüfatı təyinatlı (əkin və biçənək) torpaq sahəsini cavabdeh ilə 1999-cu ildə sadə razlaşma yolu ilə 12.000 min rus rubluna almışdır. Odur ki, cavabdehlər ilə aralarında həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Onun cavabdehlə aralarında yaranmış mülki hüquq münasibətləri 1999-cu ildə yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 sonuncu rəsmi qeydiyyatda olduqları yer üzrə məhkəmə bildirişləri göndərilmiş, lakin, bildirişlər ünvanda yaşamamaları barədə qeyd aparılmaqla geri qaytarılmışdır.

5. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər.

6. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

7. Odur ki, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

8. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddiaçınının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

11. Belə ki, mülki iş materiallarında olan: - Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 69 saylı arayışa əsasən, Novosaratovka Bələdiyyəsi ərazisində X9 və ailə üzvlərinə JN-699 saylı Dövlət aktı ilə 3.18 ha pay torpaq sahəsi ayrılmışdır. - JN: 699, KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon X3 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 Gədəbəy rayonu, Novosaratovka kəndində 3,18 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. - sadə yazılı formada bağlanmış əqddən görünür ki, iddiaçı Abbasov X7 rayonu, Novosaratovka kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X16 21 dekabr 1999-cu il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən Gədəbəy rayon X3 05 iyun 1999-cu il tarixli, 09 nömrəli, qərarı JN: 699, KOD 50500038 saylı “Dövlət aktı” əsasında verilmiş 3,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini razılaşdılmış qiymətə 12000000 rubla İddiaçı satmış və həmin məbləği Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X16 almışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-848/2022 saylı qətnaməsindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, cavabdeh X6 adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 56.1 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı ilə cavabdeh X14 arasında 10 may 1996-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 56,10 kv.m fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi İddiaçı oğlunun adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.

12. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

13. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon X3 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 Gədəbəy rayonu, Novosaratovka kəndində 3,18 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Bu barədə JN: 699, KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib olunmuşdur. Odur ki, sözügedən torpaq sahəsi alqı-satqı əqdi bağlanan zaman cavabdehlərin mülkiyyətində olmuşdur.

14. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

15. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir.

16. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 məxsus 3,18 ha torpaq sahəsinin alğısatqısına dair xx.xx.1999-cu ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdehlər həmin torpaq sahəsini o vaxtkı rus rublu ilə 12000000 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehlərə vermiş və cavabdehlər özünə məxsus 3,18 ha torpaq sahəsini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdehlər isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehlərin olmaması və onların yayınması mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlərə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür.

17. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 məxsus 3,18 ha həyətyanı torpaq sahəsinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehlərin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

18. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir.

V. Nəticə:

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə

qət etdi:

İddia təmin edilsin. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarına əsasən verilmiş, JN: 699, KOD 50500038 saylı Dövlət aktında əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 ümumi birgə mülkiyyətində olan 3,18 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X16 arasında bağlanmış 21 dekabr 1999-cu il tarixli alğı-satqı əqdi bağlanmış hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar