Məhkəmə qərarları › İş №2(042)-430/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-430/2023

06.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-430/2023 06.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********09-10301 reyestr nömrəli Çıxarışa əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qasımağalı kəndində(indiki Şəkərbəy kəndində) yerləşən sahəsi 0.2874 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması və onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Həmin kənddə onun tam mülkiyyətində sahəsi 160.4 kv.m olan fərdi yaşayış evi və ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.2874 ha həyətyanı torpaq sahəsi vardır. Həmin əmlaka olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış bu barədə xx.xx.2019-cu il tarixdə Çıxarış verilmişdir. Cavabdeh ilə qonşudur. Cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini tutmuşdur. Bu isə onun və ailə üzvlərinin mülkiyyət hüququnun pozur. O, cavabdehdən torpaq sahəsindən çıxmasını xahiş etsə də, heç bir nəticə olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı ilə qonşudur. O, iddiaçıya məxsus heç bir torpaq sahəsini tutmamışdır. Ona görə də, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən evə İddiaçı, evin yerləşdiyi 0.2874 ha torpaq sahəsinə İddiaçı, X8, X3, X5 və X6 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən evə Cavabdeh, evin yerləşdiyi 0.1303 ha torpaq sahəsinə Cavabdeh, X9 və X2 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan ƏMDX-nin DƏDKR X13 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən torpaq sahəsinin 0.0322 hektaradək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qasmağalı kəndində yerləşən 0.2874 ha torpaq sahəsininin 0.0322 hektaradək hissəsini zəbt etmiş və bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Lakin cavabdehin İddiaçı məxsus evi zəbt edilmiş hissədə yerləşmir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh hazırda sahibliyində və istifadəsində olan və İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən torpaq sahəsinin 0.0322 hektaradək hissəsindən çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən torpaq sahəsinin 0.0322 hektaradək hissəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar