Məhkəmə qərarları › İş №2(042)-451/2021

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-451/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-451/2021 06.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X13 Kazımovun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Cavabdeh1 adına qeydə alınmış 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair onunla Cavabdeh1 arasında bağlanmış 15 avqust 2005-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edib göstərdi ki, o, 15 avqust 2005-ci ildə Gədəbəy rayonu, Slavyanka kənd sakini X2 ona məxsus olan, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini 40000 ABŞ dollarına almışdır. Onların aralarında sadə yazılı formada alğı-satqı müqaviləsi (akt) bağlanmışdır. Həmin vaxtdan etibarən sözügedən daşımaz əmlaka faktiki olaraq o sahiblik etmiş, mülk onun istifadəsində olmuşdur. Hazırda da əmlak onun istifadəsində və sahibliyindədir. Lakin cavabdehlə aralarında bağlanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir. Buna səbəb Cavabdeh1 müqavilənin notarial qaydada təsdiqlənməsi qaydalarına riayət etməməsi olmuşdur. O, dəfələrlə Cavabdeh1 aralarında bağlanmış daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsini tələb etsə də, Cavabdeh1 bundan yayınmışdır. Ona görə də o Cavabdeh1 ilə aralarında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin etibarlı hesab edilərək bağlanmış hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, İddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ərazidə olmaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. X3 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İddiaçı onun qonşusudur. Cavabdeh1 vəfat etmişdir. İddiaçı ilə cavabdehin arasında olan 2005-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 həmin yaşayış evini və torpaq sahəsini 40000 ABŞ dolları məbləği qarşılığında iddiaçıya satmışdır. Həmin ev və torpaq sahəsi həmin tarixdə iddiaçının sahibliyindədir. X1 və X4 məhkəmə iclasında X5 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə razılıq ərizəsi vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1 -ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-469D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan sadə yazılı formada tərtib edilmiş aktdan görünür ki, İddiaçı Gədəbəy rayonu Slavyanka kənd sakini Cavabdeh1 15 avqust 2005-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini 40000 ABŞ dollarına almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi torpaq sahəsinin planı və ölçüsünə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli torpaq sahəsi həyətyanı torpaq sahəsi olmaqla Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə Cavabdeh1 verilmişdir. Bu baxımdan cavabdehin adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin olduğunu, bununla da onun qarşısında həmin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan Cavabdeh1 JN-469D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında məxsus olan 0.25 ha həyətyanı torpaq sahəsinin alğı-satqısına dair 15 avqust 2001-ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və fərdi yaşayış evini 40000 ABŞ dollarına iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdeh isə bundan yayınmışdır. Cavabdehin olmaması və onun yayınması mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğısatqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan Cavabdeh1 JN-469D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında məxsus olan 0.25 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin şifahi formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-469D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Cavabdeh1 adına qeydə alınmış 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 arasında 15 avqust 2005-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə verə bilər. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar