Məhkəmə qərarları › İş №2(042)-452/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-452/2021

06.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-452/2021 06.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq JN-181 KOD 50526018 saylı Dövlət aktına əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən istifadə etməsinə (torpaq sahəsini əkib-becərməsinə, torpaq sahəsinə traktorun daxil olmasına) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan qanunsuz maneələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, JN- 181 KOD 50526018 saylı Dövlət aktına əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə Gədəbəy rayonu, Slavyanka kəndində 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsini Gədəbəy rayonu, Maarif kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qanunsuz tutduğuna görə o bu barədə məhkəmədə iddia qaldırmışdır. Gədəbəy rayon Məhkəməsinin 26.12.2014-ci il tarixli, 2(041)-992/2014 saylı qətnaməsi ilə cavabdehlərin onun istifadəsində olan həmin torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmaları qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilmiş, 15.10.2015-ci ildə cavabdehlər torpaq sahəsindən çıxarılmış və icra işinə xitam verilmişdir. Eləcə də Gədəbəy rayon Məhkəməsinin 04.05.2016-cı il tarixli qətnaməsinə əsasən, həmən torpaq sahəsinin 10 metr uzunu və 11 metr enindən ibarət hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılmış tikilinin onların öz vəsaitləri hesabına sökülməsi qət edilmişdir. Qətnamə indiyədək icrasız qalmışdır. Hazırda cavabdehlər ona yenə də öz torpaq sahəsini əkib-becərməyə imkan vermir. O, öz torpağını əkmək istəyəndə cavabdehlər onu təhqir edir, texnikanın torpaq sahəsinə girməsinə imkan vermirlər. Ona öz mülkiyyətindən rahat, maneəsiz şəkildə istifadə etməsinə imkan vermirlər. Bununla da cavabdehlər onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi imtina edilməsi barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli, 219 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Gədəbəy rayonu Maarif kəndində yaşayır. İşdə olan JN0181, KOD 50526018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Gədəbəy rayon Slavyanka kəndi ərazisində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Gədəbəy rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 15.10.2015-ci il tarixli aktdan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 16.12.2014-cü il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 və Cavabdeh2 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı əsasında JN181 saylı, KOD 50526018 olan torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə iddiaçıya məxsus olan zəbt torpaq sahəsindən (ev tikilimiş hissəsindən başqa) çıxarıldılar. Lakin İddiaçı qızma məxsus torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 məxsus evin bir hissəsi yerləşir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(041)- 585/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı JN 181 KOD 50526018 seriyalı nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş 2.05 ha torpaq sahəsinin zəbt etdikləri hissəsində çıxarılması qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(041)-40/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı JN 181 KOD 50526018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə məxsus olan və Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən torpaq sahəsinin 10 metr uzunu və 11 metr enindən ibarət hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılmış tikili onların öz vəsaitləri hesabına sökülməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2015-ci il tarixli, 2(104)-717/2015 saylı qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli, 2(104)-27/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi və Gədəbəy rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(041)-40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(102)- 8398/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilmiş və iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli, 2(104)-27/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməuə göndərilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2(104)-329/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(041)-40/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 nömrəli qərarı əsasında JN 0118 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 2,05 ha həyətyanı torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən öz hesablarına sökülməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehlər tərəfindən onun torpaq sahəsinə maneələr yaradıldığını sübut etməlidir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-181 KOD 50526018 saylı Dövlət aktına əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinə Gədəbəy rayonu, Slavyanka kəndində 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin qanunsuz olaraq cavabdehlər tərəfindən tutulmasına görə məhkəmədə iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(041)-585/2014 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı JN 181 KOD 50526018 seriyalı nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş 2.05 ha torpaq sahəsinin zəbt etdikləri hissəsində çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2015-ci il tarixli, 2(104)-717/2015 saylı qətnaməsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədi tərtib olunduğunu, bununla da onun qarşısında həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına alınmaqda hər hansı maneələrin olmadığını nəzərə alan alınmaqla iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüquqları kimi qiymətləndirilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi torpaq sahəsinin planı və ölçüsünə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının tərtib olunduğunu, bununla da onun qarşısında həmin sahə üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, Broniovski Polşaya qarşı işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması və həmin torpaq sahəsinə iddiaçını istifadəsinə maneələrin yaradılması tədqiq edilmiş hüquq müəyyənedici sənədlə, iddiaçının izahatları müəyyən edilir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan iddiaçının həmin torpaq sahəsindən maneəsiz istifadə hüququ olduğundan iddiaçı onun mülkiyyətində olan 2.05 ha torpaq sahəsindən istifadə etməsinə (torpaq sahəsinin əkib-becərilməsinə və torpaq sahəsinə traktorun daxil olmasına) cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, JN-181 KOD 50526018 saylı Dövlət aktına və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçıya və ailə üzvlərinə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən istifadə etməsinə (torpaq sahəsini əkib-becərməsinə, torpaq sahəsinə traktorun daxil olmasına) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. JN-181 KOD 50526018 saylı Dövlət aktına və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən istifadə edilməsinə (torpaq sahəsinin əkibbecərilməsinə, torpaq sahəsinə traktorun daxil olmasına) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar