Məhkəmə qərarları › İş №2(042)-499/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-499/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-499/2023 03.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 07 mart 1992-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. 07 mart 1992-ci il tarixdə sabiq Novoivanovka kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evini və 0.25 ha torpaq sahəsini sadə razlaşma yolu ilə (xx.xx.1992-cu il tarixli sadə yazılı müqavilə əsasında) 70.000 (yetmiş min) manata (o vaxtki Azərbaycan manatı ilə) almışdır. Aldığı ev o vaxtı birmərtəbəli olmaqla 2 yaşayış otağından ibarət olmuşdur. O, evi aldıqdan sonra təmir etdirmiş, hal-hazırda ev ikimərtəbəli olmaqla hər mərtəbəsi 3 otaqdan ibarətdir. Sadə alğı-satqıdan sonra bu günədək həmin evdən və evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən o istifadə edir. Lakin o və ailə üzvlərinin savadsızlığından irəli gələrək notariat kontorunda alqı-satqı müqaviləsi bağlamamışlar. Sonralar Cavabdeh dəfələrlə həmin evi adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Eyni zamanda Cavabdeh rus milləti olduğu üçün evi ona satandan bir müddət sonra çıxıb Rusiya Federasiyasına getmişdir və hal-hazırda harada yaşaması barədə əlində heç bir rəsmi məlumat yoxdur. Ona görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. O, sözügedən evi və torpaq sahəsini Cavabdeh alması barədə 10 iyun 2022-ci ildə qonşuluq aktı tərtib edilmiş, həmçinin bu faktı təsdiq etmək üçün Gədəbəy rayonu Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müvafiq arayışlar verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş ünvanda yaşamaması barədə qeyd aparılmaqla geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 286 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamış keçmiş Novoivanovka kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evini 1992-ci il tarixdə İddiaçı almışdır. Həmin ildən İddiaçı ailə üzvləri ilə birgə həmin evdə yaşamış, torpaq sahəsindən istifadə etmiş, kommunal xərcləri özü ödəmişdir. İşdə olan işdə olan Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 334 saylı arayışdan görünür ki, İddiaçı 1992-ci il tarixdə keçmiş Novoivanovka kənd sakini olmuş (rus millətinə mənsub) Cavabdeh məxsus olan evi və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu ilə almışdır. Həmin evi İddiaçı yaşayış evi kimi və həyətyanı torpaq sahəsini əkin sahəsi kimi, 1992-ci il tarixdən hal-hazıra qədər olan müddətdə istifadə edir. İşdə olan Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 21 saylı arayışdan görünür ki, İddiaçı 1992-ci il tarixdə keçmiş Novoivanovka kənd sakini olmuş (rus millətinə mənsub olan) Cavabdeh məxsus olan ev və 0.25 ha həyətyanı torpaq sahəsini almışdır, həqiqətən həmin torpaq sahəsi və ev Cavabdeh adına məxsus olmuşdur. Lakin islahat zamanı qeydiyyatdan çıxdığına görə ona pay torpaq norması verilmişdir. İşdə olan sadə yazılı formada bağlanmış əqddən görünür ki, iddiaçı Əliyev X1 rayonu, Novoivanovka kənd sakini Cavabdeh xx.xx.1992-ci il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi olan həyətyanı səhəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini razılaşdılmış qiymətə, 70000 manata İddiaçı satmış və həmin məbləği Cavabdeh almışdır. İşdə olan Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən imzaların doğruluğu təsdiq edilmiş beş nəfər Novoivanovka kənd sakini tərəfindən imzalanmış 10 iyun 2022-ci il tarixli aktdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini 70000 manata İddiaçı almışdır. İşdə olan mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən hazırki iş üzrə mübahisəli olan fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Cavabdeh adına olmuşdur. Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi müəyyən edilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. İş materiallarında olan arayışlara əsasən Gədəbəy rayonu, Novoivanovka kəndi üzrə təsərrüfatbaşına kitabda Cavabdeh adına 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehin Cavabdeh 1992-ci il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ olmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.1992-ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və evi o vaxtkı manatla 70000 manata iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun alqı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğısatqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olması ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsinin bələdiyyət mülkiyyətinə məxsus olması ilə bağlı mütəxəssis rəyinə heç bir hüquq müəyyənedici sənəd əlavə edilməmişdir. Eləcə də, həmin torpaq sahəsi uzun müddət, Azərbaycan Respublikasında bələdiyyələr yaradılmamışdan əvvəl cavabdehin istifadəsində olmaqla təsərrüfatbaşına kitabda adına qeyd edilmiş və həmin torpaq sahəsinə mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Odur ki, məhkəmə mütəxəssis rəyini digər sübutlarla müqayisəli təhlil edərək qeyd olunan iddianın həlli üzrə mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, Cavabdeh adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 mart 1992-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar