Məhkəmə qərarları › İş №2(042)-5/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-5/2025

22.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-5/2025 22.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə” mülki iş (açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması və ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh JN-0016 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və ******* nömrəli Çıxarış əsasında Gədəbəy rayonunun Düzyurd kəndində ona məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinin alınıb ona qaytarılması, Cavabdeh əldən çıxmış gəlirə görə 3.000 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli JN №0016 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Gədəbəy rayonu Düzyurd kəndində onun mülkiyyətinə 0,2863 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə DƏDRX-dən ******* nömrəli Çıxarış almışdır. Cavabdeh torpaq sahəsinin aşağı hissəsindən torpaq sahəsinə gedən yolu və torpaq sahəsinin ətrafında onun istifadə etdiyi torpaq sahəsini tor hasara almışdır. Aralarında yaranan mübahisəyə görə Gədəbəy Rayon Məhkəməsində cavabdehə qarşı “zəbt edilmiş torpaq sahəsinin və yolun azad edilməsi” tələbinə dair iddia qaldırmışdır. Məhkəmə zamanı yerində baxış keçirilərkən hakim ona və cavabdehə məxsus olan torpaq sahələrinin sərhədlərini göstərmişdir. O da bununla razılaşmışdır. Məhkəmənin 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Bundan ruhlanan cavabdeh məhkəmədən sonra getdikcə az-az onun torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsinə keçmişdir. Hazırda cavabdeh onun torpaq sahəsinin 200 kv.m-ə qədər hissəsindən qanunsuz olaraq özbaşına istifadə edir. Dəfələrlə cavabdehə iradını bildirsə də əhəmiyyəti olmamışdır. Torpaq sahələrini cavabdehin zəbt etməsi ilə əlaqədar dəfələrlə müxtəlif təşkilatlara şikayət etmiş, lakin, heç bir nəticəsi olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0,2863 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-975/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Səyad oğlunun Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən və mülkiyyətində olan Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə gedən yolun tor hasardan azad edilməsi iddiası təsdiqini tapmayıb əsassız olduğu üçün təmin edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Səyad oğluna məxsus 0,2863 ha torpaq sahəsinin 0,0412 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

8. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

10. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

11. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

12. Məhkəmədə iclasında müəyyən edildi ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0,2863 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsinin 0,0412 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

13. Göründüyü kimi, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0,2863 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0,0412 ha hissəsinin Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır.

14. Eləcə də, Cavabdeh sözgedən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi.

15. Həmçinin məhkəmə iddiaçının əldən çıxmış fayda üzrə maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etsə də, iddiaçı maddi ziyanın nədən ibarət olması, yaranma səbəbləri və onları təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir.

18. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, İddiaçı adına qeydə alınmış 0,2863 ha torpaq sahəsinin 0,0412 ha hissəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı faktiki sahibliyinə verilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu və həmçinin işə baxılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin bank hesabına İddiaçı tərəfindən 95 (doxsan beş) manat məbləğində xidmət haqqı ödənilmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 100 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyal, ******* nömrəli çıxarışa əsasən, İddiaçı adına qeydə alınmış 0,2863 ha torpaq sahəsinin 0,0412 ha hissəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı faktiki sahibliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar