Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-51/2022 28.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nürəddin oğluna, Cavabdeh2 Nürəddin oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “örüş sahəsində çıxarılma və maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2 Nürəddin oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 onun istifadəsində olan 174 ha örüş sahəsindən çıxarılmaları və ona dəymiş 5500 manat ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və bildirdi ki, o, Gədəbəy rayonunun Düzyurd kəndində yaşayır və özünə məxsus mal-qara olmaqla kiçik sahibkarlıqla məşğul olur. Özünün 1380 baş xırda buynuzlu malqarası, 48 baş iri buynuzlu mal qarası vardır. O, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 134 saylı sərəncamına əsasən Gədəbəy rayonunun istifadəsində olan yay otlaq sahəsindən “Ayrım Yurdu” adlanan ərazidən 36 ha və “Böyük Çətindərə” adlanan ərazidən 138 ha örüş sahəsinin on il müddətinə icarəyə götürmüşdür. Hər il həmin örüş sahəsinin icarə haqqını vaxtlı-vaxtında ödəməklə həmin torpaq sahəsindən istifadə edir. Lakin buna baxmayaraq adlarını qeyd etdiyi cavabdehlər 2018-ci il tarixdə özbaşınalıq edərək onun istifadəsində olan örüş sahəsinə 1500-ə yaxın xırda buynuzlu və 70 baş iri buynuzlu mal-qara salmışdır. Bu isə onun mal-qarasını otlaq sahəsinin məhdudlaşdırılması ilə nəticələnmişdir. Nəticədə ona təxminən 5500 manat civarında ziyan dəymişdir. O, cavabdehlərə ona məxsus olan torpaq sahəsindən malqaralarını çıxarmalarını tələb etsə də bu mümkün olmamışdır. O, heyvanlarını başqa sahədə otarmaqda və saxlamaqda çətinlik çəkir. O, bu barədə aidiyyəti orqanlara müraciətlər etsə də, müsbət nəticə əldə olunmamışdır. Ona görə də, qeyd olunanları nəzərə alaraq cavabdehlər Cavabdeh1 Nürəddin oğlunun, Cavabdeh2 Nürəddin oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ona məxsus olan örüş sahəsindən çıxarılmalarına və ona dəymiş 5500 manat ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Nürəddin oğluna, Cavabdeh2 Nürəddin oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə razılıq ərizəsi vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 98 saylı arayışdan görünür ki, İddiaçı hal-hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy rayonu İHB-nın Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 99 saylı arayışdan görünür ki, 04 saylı təsərrüfatbaşına kitabın 17-ci səhifəsinə əsasən, İddiaçı özünə məxsus 48 baş iri buynuzlu mal-qarası və 1380 baş xırdabuynuzlu qoyunu vardır. İşdə olan Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli, 138 saylı sərəncamına əsasən, Gədəbəy RİH başçısı ilə Gədəbəy rayonu, Düzyurd kənd sakini İddiaçı arasında Gədəbəy rayonunun istifadəsində olan X3 Fondundakı 18-h saylı hissədən 36 ha, 19-h saylı hissədən 138 ha cəmi 174 hektar torpaq sahəsinin 10 il müddətində icarəyə verilməsi barədə bağlanmış icarə müqaviləsi təsdiq edilmişdir. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 02 iyun 2014-cü il tarixli, 10 saylı müqavilənin surətindən görünür ki, Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı X2 tərəfindən Gədəbəy rayonu, Düzyurd kənd sakini İddiaçı heyvandarlığın inkişafı məqsədi ilə 10 il müddətinə 174 ha torpaq sahəsi icarəyə verilmişdir. Eləcə də, İddiaçı Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı X2 tərəfindən təsdiq edilmiş icarəyə verilən torpaq sahəsinin yerquruluşu sxemi tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən örüş sahəsinin mülkiyyətçisi olmalı ya torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsində olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı heyvandarlıqla məşğul olur. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 02 iyun 2014-cü il tarixli, 10 saylı müqaviləyə əsasən, Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı X2 tərəfindən Gədəbəy rayonu, Düzyurd kənd sakini İddiaçı heyvandarlığın inkişafı məqsədi ilə 10 il müddətinə 174 ha torpaq sahəsi icarəyə verilmişdir. Eləcə də, İddiaçı Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı X2 tərəfindən təsdiq edilmiş icarəyə verilən torpaq sahəsinin yerquruluşu sxemi tərtib edilmişdir. Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli, 138 saylı sərəncamına əsasən, Gədəbəy RİH başçısı ilə Gədəbəy rayonu, Düzyurd kənd sakini İddiaçı arasında Gədəbəy rayonunun istifadəsində olan X3 Fondundakı 18-h saylı hissədən 36 ha, 19-h saylı hissədən 138 ha, cəmi 174 hektar torpaq sahəsinin 10 il müddətində icarəyə verilməsi barədə bağlanmış icarə müqaviləsi təsdiq edilmişdir. Məhkəmə örüş sahələrinə hüquqların yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli örüş sahəsi qanuni əsaslarla İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq, onun qanuni istifadəsinə verilmiş örüş sahəsinin cavabdehlər tərəfindən tutulduğunu bildirmişdir. Cavabdehlərin isə hazırki iddia tələbindən və məhkəmə iclaslarından xəbərləri olmasına baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər, örüş sahəsindən istifadə edibetməmələri barədə etirazlarını və ya istifadə etdikləri təqdirdə, örüş sahəsindən qanuni əsaslara istifadə etmələrini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda, məhkəmə iddiaçının örüş sahəsinin cavabdehlər tərəfindən tutulması barədə izahatını inandırıcı sayır və hesab edir ki, İddiaçı istifadəsinə verilmiş örüş sahəsindən istifadə edə bilməməsi və heç bir əsas olmadan cavabdehlər tərəfindən istifadə edilməsi iddiaçının torpaq sahəsinə icarə hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı onun istifadəsində olan örüş sahəsində cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Eləcə də, məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehlərin Torpaq sahəsinin icarəyə verilməsi haqqında 02 iyun 2014-cü il tarixli, 10 saylı müqaviləyə və Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 02 iyun 2014cü il tarixli, 138 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş sahəsi 174 ha olan örüş sahəsini qanunsuz olaraq istifadə etmələri məhkəmə müəyyən edilmişdir. Belə olan halda, örüş sahəsindən iddiaçının bildirdiyinə görə cavabdehlərin 2018-ci il tarixdən istifadə etmələri və iddiaçının öz istifadəsində olan örüş sahəsindən istifadə edə bilməməsi nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi mübahisələndirilmir. Ona görə də, məhkəmə iddiaçının 2018-2022-ci illər aralığında örüş sahəsindən istifadə etməsindən məhrum edilməsi və cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə edilməsi nəticəsində ona 5500 manat məbləğində maddi ziyan vurulmasını ağlabatan hesab edir və həmin məbləğin cavabdehlərdə tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 02 iyun 2014-cü il tarixli, 10 saylı müqaviləyə və Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli, 138 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş sahəsi ümumilikdə 174 ha olan örüş sahəsindən cavabdehlər Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2 Nürəddin oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 çıxarılsın. Cavabdehlər Cavabdeh1 Nürəddin oğlundan, Cavabdeh2 Nürəddin oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada vurulmuş maddi ziyana görə 5500 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5530 (beş min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2 Nürəddin oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə verə bilərlər. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-51/2022
Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-51/2022
28.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver