Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-511/2021 01.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ciu il tarixli, 52 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Çalburun kəndində yerləşən, JN-124D KOD 50500058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ona və ailə üzvlərinə məxsus olan 0.26 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ciu il ildə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Çalburun kəndində 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-124D KOD 50500058 saylı “Torpağın mülkiyyətə verilmsəinə dari” şəhadətnamə tərtib edilmişdir. Onun torpaq sahəsi ilə JN-125D KOD 50500058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X2 məxsus torpaq sahəsi həmsərhəddir. Cavabdeh X4 onun torpaq sahəsini qanunsuz olaraq tutmuşdur. Belə ki, torpaq sahələri arasında olan ara nişanlarını cavabdeh dağıdaraq onun torpaq sahəsinə girmişdir. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. O, cavabdehə torpaq sahəsindən çıxmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildridi ki, hazırkı mübahiəsli torpaq sahəsi onundur. O, iddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Çalburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 92 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Çalburun kəndində daimi qeydiyyatda olmaqla hal-hazırda Gədəbəy rayonu, Çalburun kəndində sağ-salamat yaşayır. İşdə olan JN-121D KOD 50500058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli, 52 saylı qərarı ilə Gədəbəy rayonu, Çalburun kəndində İddiaçı və onun ailə üzvlərinə 0.26 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-125D KOD 50500058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli, 52 saylı qərarı ilə Gədəbəy rayonu, Çalburun kəndində Cavabdeh və onun ailə üzvlərinə 0.29 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli mütəxəssis arayışından görünür ki, mütəxəssislər İlqar Məmmədov və X5 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli, 52 saylı qərarı ilə Gədəbəy rayonu, Çalburun kəndində İddiaçı və onun ailə üzvlərinə 0.26 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-124D KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis arayışına əsasən, mütəxəssislər İlqar Məmmədov və X5 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-511/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-511/2021
01.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver