Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-520/2021 27.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Mikayıl qızının, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mikayıl qızına və Cavabdeh1 qarşı “evə köçürülmə və yardımçı sahələrdən istifadə etmək hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 Mikayıl qızına məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə azyaşlı qızı Ləmanla birlikdə evə köçürülməsi və yardımçı sahələrdən (ayaq yolundan, və.s) istifadə etmə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsində dəqiqləşdirmə aparaq, o, iddia ərizəsinin “xahiş edirəm” hissəsində evə köçürülmə tələb etdiyi evin ünvanını səhvən “Gədəbəy şəhəri, X18 küçəsi, ev 36” əvəzinə “ünvan 1” kimi qeyd etmişdir.Odur ki, Cavabdeh2 Mikayıl qızına məxsus Gədəbəy şəhəri, X18 küçəsi, ev 36 ünvanında yerləşən yaşayış evinə azyaşlı qızı Ləmanla birlikdə evə köçürülməsi və yardımçı sahələrdən (ayaq yolundan, və.s) istifadə etmə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh1 ilə 2008-ci il tarixdə faktiki olaraq evlənmiş, nikahları 12.04.2011-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. 2008-ci ildə o gəlin kimi Gədəbəy şəhəri, X18 küçəsi, ev 36 ünvanında yerləşən qayınanası Cavabdeh2 Mikayıl qızının adına olan fərdi yaşayış evinə köçmüşdür. Həmin evdə Elnurla bir ailədə yaşamışlar. Birgə həmin evdə yaşadıqları vaxt onların bir uşaqları olmuşdur. Cavabdehlə bir ailədə ər-arvad münasibətində 2017-ci ilin oktyabr ayının sonlarına kimi birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə cavabdehlərlə sözləri uyğun gəlməmişdir. Bu səbəbdən də 01.02.2018-ci il tarixdə Gədəbəy rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. Cavabdehlər azyaşlı qızı ilə birlikdə onun cavabdehlərə məxsus olan evdə normal yaşamalarına imkan vermirlər. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Cavabdeh1 onunla yola getməmiş, azyaşlı qızı ilə birlikdə onu evdən çıxarmışdır. Hal-hazırda müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Lakin ata evində azyaşlı qızını saxlamaq onun üçün çox çətindir. Cavabdeh könüllü olaraq onu və azyaşlı qızını evə buraxmır. Həmin evin hal-hazırda mülkiyyət şəhadətnaməsi olmasa da ev qeydiyyatı kitabında qayınanası Cavabdeh2 adınadır. Odur ki, o, azyaşlı qızı ilə birlikdə cavabdehə məxsus olan evə köçürülməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə 2008-ci il tarixdə faktiki olaraq evlənmiş, nikahları 12.04.2011-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İddiaçı ilə evləndikdən sonra o X18 küçəsində yerləşən babası Abuzər Hüseynova məxsus evə gəlin köçmüş, həmin evdə müvəqqəti yaşamışlar. Həmin evdə onların bir uşaqları anadan olmuşdur. 2017-ci ildə Türanə ilə ayrılmışlar. Türanənin köçməsini istədiyi ev onun və ya anasının deyil. Həmin ev babasının olmuş, babası ölümündən sonra isə bibisinin adına rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Mikayıl qızı məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 onun qardaşı oğludur. Babasından ona Gədəbəy şəhəri S.Vurğun küçəsində ev miras qalmışdır. X18 küçəsində yerləşən həmin evi iddiaçıya kirayə veriblər ki, müvəqqəti yaşasınlar. Həmin ev də onun atasının olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 719 saylı arayışdan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyin 29 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 9-cu səhifəsində qeyd edilmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İİ № 303731 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 23 aprel 2009-cu il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qızı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(042)-132/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 12 aprel 2011-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 № ilə qeyd edilmiş nikah pozulması, ümumi uşaqları – 23.04.2009-cu il təvəllüdlü X9 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh1 12 dekabr 2017-ci il tarixdən başlayaraq, 23 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 10 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu inzibati ərazi dairəsi üzrə Cavabdeh1 və X4 adlarına fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi qeydiyyatdan keçməmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 07 iyun 2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh1 və X4 adına Gədəbəy şəhəri X.Haqverdiyev küçəsində fərdi yaşayış evi və yaxud həyətyanı torpaq sahəsinin olması barədə faktın aşkar olunması mümkün olmamışdır. İşdə olan "xxxx" ASC-nin “abonent kartı” məlumatlarından görünür ki, ünvan 5 ünvanında Cavabdeh2 adına 01.06.2017-ci il tarixli, 39575101 nömrəli müqavilə üzrə “CSS-15” markalı 16012740 nömrəli sayğac vardır. İş materiallarına əlavə edilmiş AZ-İ № 486097 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20.01.2012-ci il tarixdə Gədəbəy rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ № 826921 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28.01.2017-ci il tarixdə Gədəbəy rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X10 və X12 02 may 2006-cı il tarixdə Gədəbəy şəhəri S.Vurğun küçəsində yerləşən yaşayış evlərini, ev əşyalarını və adlarına nə varsa hamsını qızları X2 vəsiyyət etmişlər. Qalan vərəsələrini vərəsəlik hüquqlarından məhrum etmişlər. İş materiallarına əlavə edilmiş X14 kitabında 01.12.2010-cu il tarixdə, 504 nömrə ilə uçota alınmış A № 274697 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrara İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə X6 Gədəbəy şəhəri ərazisində 100.16 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Yerində müayinə protokolundan görünür ki, mübahisəli ev Gədəbəy şəhəri X18 küçəsi, ev 36 ünvanında yerləşir. Ev bir mərtəbəlidir, iki otaq, mətbəx və dəhlizdən ibarətdir. Müayinə iclasında iştirak edən Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəsinin müavini bildirdi ki, müayinəsi aparılan ev X18 küçəsi ev 36 ünvanındadır. Həmin evdə iddiaçı və cavabdeh yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi ünvan 8 ünvanında yerləşir. Həmin evin Cavabdeh2 Mikayıl qızına məxsusluğu mübahisələndirilmir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy şəhəri, X18 küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 2008-ci il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı qızı mübahisəli fərdi yaşayış evinə cavabdehlərin iradəsi ziddinə deyil, onların razılığı ilə daimi yaşamaq məqsədi ilə köçmüş və əşyalarını həmin evə yığaraq cavabdehlərlə birgə təsərrüfat aparmışdır. İddiaçı ilə Cavabdeh1 oğlu arasında rəsmi nikah olmuş və etibarlı ailə münasibətləri yaranmışdır. Cavabdehlər məhkəmə iclasında iddiaçını mübahisəli evə gəlin olaraq köçürmələrini mübahisələndirmədilər. Eləcə də, iddiaçıdan anadan olmuş uşaqların atasının Cavabdeh1 oğlu olması da, məhkəmədə müəyyən edilir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında rəsmi ailə münasibətləri olmuş və hesab edir ki, iddiaçı mübahisəli evə daimi yaşamaq üçün gəlin köçmüş, evə köçməsi zamanı onunla ev sahibi arasında heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Eləcə də, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin cavabdehlərin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmaması həmin evdə yaşayanların sahiblik və faktiki istifadəsinin olmaması demək deyildir. İddiaçı da cavabdehlərlə birlikdə mübahisəli yaşayış evində yaşamış və həmin evə münasibətdə cavabdehlərlə bərabər imkan əldə etmişdir. İddiaçının uşağı da onun himayəsində yaşadığından və onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən uşağın da mübahisəli fərdi yaşayış evinə iddiaçı ilə birlikdə köçürülmələri tam qanuni və ədalətli hesab edilməlidir. Həmçinin, məhkəmə fərdi yaşayış evinin yardımçı sahələrindən istifadə etməsinə dair tələbinə münasibət bildirərək, onu qeyd edir ki, iddiaçı cavabdehlərlə bərabər vəziyyətdə fərdi yaşayış evindən yaşamaq üçün istifadə edərkən, o, yaşamaq ehtiyaclarını təmin etmək üçün evin yardımçı sahələrindən, ayaq yolu kimi yardımçı sahələrdən istifadə etməkdə cavabdehlərlə eyni bərabər imkanlara malik olmalıdır. Əks halda tərəflər arasında ədalətli balans prinsipi pozulmuş olardı ki, bu da iddiaçının gələcəkdə mübahisəli fərdi yaşayış evində yaşaması imkanını çətinləşdirərdi. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində yardımçı sahələrdən (ayaq yolundan və s) istifadə etmək hüququnun verilməsini tələb etmişdir. Lakin iddiaçı yardımçı sahələrin adını konkret olaraq qeyd etmədiyindən iddia tələbinin bu hissə də təmin edilməsi gələcəkdə mübahisələrə səbəb ola bilər. Ona görə də məhkəmədə yardımçı sahə kimi göstərilmiş ayaqyolundan istifadə hüququnun verilməsini daha ədalətli hesab edir. Məhkəmə mübahisəli fərdi yaşayış evinin X2 məxsusluğu barədə cavabdehlər və üçüncü şəxsin izahatlarında bildirdiklərinə qiymət verərək qeyd edir ki, Fəxriyyə Hüseynovaya vəsiyyət edilmiş ev Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşməklə, mübahisəli evdən ayrı ərazidə yerləşir və həmin evin iddiaçının köçmək tələb etdiyi evlə əlaqəsi yoxdur. Məhkəmə həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərə qiymət verərək bildirir ki, qeyd olunan məhkəməyə təqdim edilmiş sənədlər iddia tələbində göstərilən mübahisə predmeti ilə bağlı olmadığından məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh2 Mikayıl qızına məxsus Gədəbəy şəhəri, X18 küçəsi, ev 36 ünvanında yerləşən yaşayış evinə azyaşlı qızı Ləmanla birlikdə köçürülməli və onlara həmin yaşayış evinin yardımçı sahəsi kimi ayaqyolundan istifadə etmək hüququ verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh2 Mikayıl qızına məxsus Gədəbəy şəhəri, X18 küçəsi, ev 36 ünvanında yerləşən yaşayış evinə azyaşlı qızı Ləmanla birlikdə köçürülsün və onlara həmin yaşayış evinin yardımçı sahəsi kimi ayaqyolundan istifadə etmək hüququ verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdehlər Cavabdeh2 Mikayıl qızından və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı qızına verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-520/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-520/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver