Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-532/2020 14.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, x3 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı uşaqları ilə birlikdə Cavabdeh istifadəsində olan Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2011-ci ildə qeyri-rəsmi olaraq evlənmiş və nikahlarını 2014-cü ildə rəsmiləşdirmişlər. 2011-ci ildə mərhum qayınanası x2 məxsus Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə onların 08.06.2012-ci il təvəllüdlü Hüseyn, 11.02.2014-cü il təvəllüdlü Nuray və 03.03.2016-cı il təvəllüdlü Osman adında üç uşaqları olmuşdur. O, 2019-cu il tarixdə gəlin köçdüyü evdən cavabdeh tərəfindən döyülərək uşaqları ilə birlikdə qovulmuşdur. Hazırda uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. O, cavabdehə dəfələrlə onların yaşaması üçün ev verilməsini tələb etsə də bu heç bir nəticə verməmişdir. Hal-hazırda ona məxsus cehiz əşyaları həmin evdədir. O həmin evdə təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Ona görə də hesab edir ki, onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququ var və onlar həmin evə köçürülməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə 2011-ci ildə qeyri-rəsmi olaraq evlənmiş və nikahları 2014cü ildə rəsmiləşmişdir. Birgə yaşadıqları dövrdə onların üç övladı olmuşdur. İddiaçı ilə, o, 2019-cu ilə kimi birgə yaşamışlar. Onların arasında olan nikah pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. O, iddiaçının evə köçürülməsi tələbi ilə razı deyildir. Onunla iddiaçı arasında olan ailə münasibətləri tamamilə kəsilmişdir. Nikahları pozulduğuna və ailə münasibətlərinə xitam verildiyinə görə iddiaçının onun evinə köçüb yaşaması qeyri-qanunidir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy RİHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 131 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Şahdağ kəndində mərhum qayınanası x2 məxsus 0.30 ha həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 100 kvadrat metr olan fərdi yaşayış evində adları göstərilən ailə üzvləri ilə birlikdə qeydiyyatdadır: əri – Cavabdeh, oğlu – x4, qızı – x6, oğlu – x7. İşdə olan AZ-İİİ 511202 seriyalı, AZ-İİ 913739 seriyalı və AZ-İİİ 727647 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, x6 02.11.2014-cü il tarixdə Gədəbəy rayonunda, x4 08.06.2012-ci il tarixdə Gədəbəy rayonunda, x7 03.03.2016-cı il tarixdə Gəncə şəhəri, Kəpəz rayonuda doğulmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan JN-124D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının 29.06.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə x1 və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Şahdağ kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Şahdağ kəndində yerləşir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evdir. Buna baxmayaraq fərdi yaşayış evinin Cavabdeh məxsus olması mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı 2011-ci ildə qeyri-rəsmi olaraq evlənmiş və nikahlarını 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 08.06.2012-ci il təvəllüdlü Hüseyn, 11.02.2014-cü il təvəllüdlü Nuray və 03.03.2016-cı il təvəllüdlü Osman adında üç uşaqları olmuşdur. İddiaçı 2011-ci ildə mərhum qayınanasına məxsus mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmişdir. İddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmuşdur. İddiaçı cavabdehlə bir ailədə ər-arvad münasibətlərində 2019-cu ilə kimi yaşamışlar. 2019-cu ildə yaranmış ailə mübahisələrinə görə iddiaçı mübahisəli evdən çıxmış, cavabdehlə aralarında olan nikah pozulmuş və ailə əlaqələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında qeyri-rəsmi ailə münasibətləri 2011-ci ildə yaranmışdır. 2019-cu il tarixdə isə iddiaçı ilə cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yaranmış mülki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd olunan hüquq normalarını iddiaçının hazırkı iddia tələbinə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavadeh arasında olan nikah pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ saxlanıla bilməz. Eyni zamanda, məhkəmədə müəyyən edildi ki, iddiaçı hazırda valideynləri ilə birgə yaşayır. İddiaçı nikahdan əvvəl atası evində yaşamaqla, yaşayış sahəsinə olan ehtiyacını təmin etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də heç bir əsas yoxdur. Odur ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307- 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-532/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-532/2020
14.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver