Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-537/2021 11.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı Elburus qızının iştirakları ilə, İddiaçı Elburus qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evin yardımçı sahələrindən istifadə etməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Elburus qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları 01.08.2017-ci il il tarixdə doğulmuş X4 və 24.10.2020-ci il tarixdə doğulmuş X3 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri və evin yardımçı sahələrindən istifadə etməsinə icazə veriləsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Elburus qızı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh1 ilə 2016-cı il tarixdə ailə qurmuşdur. Ailə münasibətlərindən 01.08.2017-ci il il tarixdə X4 və 24.10.2020-ci il tarixdə X3 doğulmuşlar. Cavabdehlə ailə qurduqdan sonra cavabdehlərə məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2021-ci il tarixdə qayınatası ölmüş, bundan sonra qayınanası Cavabdeh2 onu evdən çıxarmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa yeri yoxdur. Kirayə tutduğu evdə yaşayır. Kirayə pulunu qonşular ödəyir. Cavabdeh1 aliment ödəməkdən yayınır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən evi öz əməyi ilə tikdirmişdir. Onun Bakı şəhərində evi var. Həmin evin bir otağında yaşamaq üçün hər şərait yaradılmışdır. İddiaçının dayısının evi var. Lakin özü kirayədə yaşayır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında eyniməzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı könüllü olaraq evdən getmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən 01.08.2017ci il il tarixdə X4 və 24.10.2020-ci il tarixdə X3 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Elburus qızı 2016-cı il tarixdə Cavabdeh1 ilə ailə qurmuş, cavabdehlərin evinə gəlin köçmüş, 2021-ci ilədək həmin evdə yaşamışdır. Ailə münasibətləri 2016-cu il tarixdə yarandığından tərəflər aralarında yaranmış mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməli, nəzərə alınmalıdır ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşamaq üçün evi yoxdur. Məhkəmə iddiaçının və azyaşlı uşaqlarının gələcək həyatını, onların yaşamağa evinin olmamasını və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, İddiaçı Elburus qızı azyaşlı övladları, 01.08.2017-ci il il tarixdə doğulmuş X4 və 24.10.2020-ci il tarixdə doğulmuş X3 ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli və evin yardımçı sahələrindən istifadə etməsinə icazə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Elburus qızı azyaşlı övladları, 01.08.2017-ci il il tarixdə doğulmuş X4 və 24.10.2020-ci il tarixdə doğulmuş X3 ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün və evin yardımçı sahələrindən istifadə etməsinə icazə verilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 alınaraq, İddiaçı Elburus qızına verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-537/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-537/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver