Məhkəmə qərarları › İş №2(042)-549/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-549/2023

12.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-549/2023 12.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı cavabdeh oğluna qarşı istifadə hüququ və evə köçürülmə tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə yaşadıqları Gədəəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış evindən istifadə hüququna dair qətnamə çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, cavabdehlə 2015-ci ildə nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən iki övladları doğulmuşdur. 2022-ci ildə ailə münaisbərləri pozulmuş və onlar ayrılmışlar. Azyaşlı uşaqlar onun himayəsindədir və o, uşaqlarla birlikdə valideynlərinə məxsus ikimərtəbəli dördotaqlı evdə yaşayır. Lakin uşaqların atalarının yanında yaşamasını istəyir. Cavabdehin evi də dördotaqlıdır və onun uşaqlarla birlikdə həmin evdə yaşaması üçün şərait vardır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2015-ci ildə nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən iki övladları doğulmuşdur. İddiaçı onun anası ilə münaqişə yaratdığına görə 2022-ci ildə ailə münasibətləri pozulmuşdur. İddiaçı hazırda valideynlərinə məxsus evdə yaşayır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 28 fevarl 2020-ci il tarixdə Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 11 ünvanında yerləşən evə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin ailə münasibətindən 30 noyabr 2018-ci il tarixdə X4 və 05 aprel 2017-ci il tarixdə X3 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri 2015-ci ildə yaranmış və ailə münasibətlərinə 2022-ci ildə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçı ilə cavabdeh ailə münasibətlərinə xitam verdikləri üçün, keçmiş ailə üzvü kimi, iddiaçının cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ saxlanmamalı, o, həmin evə köçürülməməlidir. Məhkəmə bu nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, iddiaçı hazırda valideynlərinə məxsus evdə yaşayır və onun cavabdehə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün əsaslar yoxdur. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar